...

Terri Devis: "Avropa Şurası Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqların sürətləndirilməsinin tərəfdarıdır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Mart 2007 17:36 (UTC +04:00)
Terri Devis: "Avropa Şurası Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqların sürətləndirilməsinin tərəfdarıdır"

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Avropa Şurası Azərbaycanın ərazi bütövlüyünü tanıyır və təşkilata üzv olan iki dövlət arasında olan münaqişənin həlli istiqamətində istənilən yardımı göstərməyə hazırdır. Bu barədə Avropa Şurası Parlament Assambleyasının baş katibi Terri Devis Trend ə eksklüziv müsahibəsində bildirib.

"Təbii ki, Avropa Şurasına üzv iki dövlət arasında bu cür münaqişənin mövcudluğu arzuolunmazdır. Biz Qarabağ münaqişəsinin mümkün qədər tez həll olunmasını istəyirik və danışıqların sürətləndirilməsinin tərəfdarıyıq",-deyə baş katib söyləyib.

Qeyd olunan 8 mart beynəlxalq qadınlar günü ərəfəsində Dağlıq Qarabağ münaqişəsi nəticəsində azərbaycanlı qadınların düşdükləri vəziyyətin çətinliyini qeyd edən Terri Devis belə faktların mövcud olmasını çox üzücü hal hesab etdiyini bildirib. "Həmişə müharibə aparılan bütün ölkələrdə əsas çətinliklər qadınların üzərinə düşür. Bununla yalnız Azərbaycanda yox, dünyanın bir çox ölkələrində qarşılaşmaq mümkündür. Hazırda bir neçə ölkə var ki, müharibə şəraitindədir və həmin ölkələrdə qadınlar əziyyət çəkirlər. Bu tip problemlərin həlli üçün tərəflər arasında sülh danışıqları aparılmalıdır",-deyə AŞ PA baş katibi əlavə edib.

Terri Devis Avropa Şurasının Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu və bu məsələyə xüsusi önəm verildiyini vurğuladı.

Xəbər lenti

Xəbər lenti