...

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri: "Həmsədrlərin Azərbaycana səfəri zamanı mövqe razılığı əldə olunsa, prezidentlərin görüşü baş tutacaq"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 May 2007 16:10 (UTC +04:00)
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri: "Həmsədrlərin Azərbaycana səfəri zamanı mövqe razılığı əldə olunsa, prezidentlərin görüşü baş tutacaq"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycana səfəri zamanı Dağlıq Qarabağ probleminin həllində rəsmi Bakının tutduğu mövqeyə Ermənistanın münasibəti müzakirə olunacaq. Bu barədə çərşənbə axşamı Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ("Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin həmtəsisçisi), Şuşa rayonunun icra başçısı Nizami Bəhmənov məlumat verib.

Onun sözlərinə görə, həmsədrlərin regiona səfəri zamanı ümumi razılıq əldə olunsa, Azərbaycan və Ermənistan prezidentlərinin iyulun 10-da Sankt-Peterburqda keçiriləcək MDB dövlət başçılarının sammiti çərçivəsində ehtimal olunan görüşü baş tutacaq.

"Dağlıq Qarabağ probleminin həllində əsas mövqe Azərbaycanın mövqeyidir. Azərbaycan prezidenti də bu mövqeyi açıqca bəyan edib. İndi qarşı tərəf addım atılmalıdır. Sülhə nail olmaq istəyirlərsə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Ermənistan ordusu işğal etdiyi torpaqlardan çıxmalıdır. Bundan sonra işğal altında olan rayonlarda, o cümlədən Dağlıq Qarabağda yaşayan azərbaycanlılar evlərinə qayıtmalıdır. Laçın ilə Kəlbəcərin qaytarılması isə növbəti mərhələdə müzakirə olunmalıdır" deyə Bəhmənov əlavə edib.

Bəhmənov həmçinin bildirib ki, azərbaycanlılar işğal olunan ərazilərə qayıtdıqdan sonra status ilə bağlı Dağlıq Qarabağdakı azərbaycanlı və erməni icmasının rəhbərlərinin görüşü başlamalıdır.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu gün Ermənistana səfəri başlayıb. Mayın 25-də isə həmsədrlər Azərbaycanda olacaqlar.

Xəbər lenti

Xəbər lenti