...

Bakı şəhər prokuroru: "Zərurət yaranarsa, Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyinə daxil olan vəzifəli şəxslər istintaqa çağırılacaqlar"

Siyasət Materials 11 Sentyabr 2007 14:34 (UTC +04:00)
Bakının Yasamal rayonunun Murtuza Muxtarov küçəsi 185 ünvanında yeni tikilən 16 mərtəbəli binanın çökməsi ilə bağlı şəhər rəhbərliyi hələlik istintaqda dindirilməyib.
Bakı şəhər prokuroru: "Zərurət yaranarsa, Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyinə daxil olan vəzifəli şəxslər istintaqa çağırılacaqlar"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə /

Bakının Yasamal rayonunun Murtuza Muxtarov küçəsi 185 ünvanında yeni tikilən 16 mərtəbəli binanın çökməsi ilə bağlı şəhər rəhbərliyi hələlik istintaqda dindirilməyib. Bu barədə çərşənbə axşamı Trend ə eksklüziv açıqlamasında Murtuza Muxtarov küçəsi 185 ünvanında yeni tikilən 16 mərtəbəli binanın çökməsi ilə əlaqədar yaradılmış istintaq qrupunun üzvü, Bakı şəhər prokuroru Əziz Seyidov məlumat verib.

"Əgər zərurət yaranarsa, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və şəhər rəhbərliyinə daxil olan digər vəzifəli şəxslər istintaqa çağırılacaqlar" - deyə Bakı şəhər prokuroru bildirib.

Avqustun 28-də Bakının Yasamal rayonunun Murtuza Muxtarov küçəsi 185 ünvanında yeni tikilən 16 mərtəbəli bina çöküb. Binanın dağıntıları altından 25 nəfərin meyidi çıxarılıb, üç nəfər yaralı vəziyyətdə xilas edilib.

Baş vermiş hadisə ilə bağlı Bakı şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2 və 222-1.2 -ci maddəsi ilə (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina tikmə) cinayət işi qaldırılıb.

Hadisə ilə əlaqədar olaraq "Mütəfəkkir" şirkətinin baş direktoru Əli Muradov, baş mühəndis Əsgər Əliyev, iş icraçıları Fərhad Həsənov və Qədir Səlimov saxlanılıb və onlar haqqında üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hadisə ilə əlaqədar həbs olunan Bakı şəhər İcra Hakimiyyətinin Yaşayış Kooperativi İdarəsinin rəisi Akif Məhərrəmov Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirli bilinərək barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib.

Seyidov bildirib ki, baş vermiş hadisə ilə əlaqədar istintaq hərəkətləri davam edir və əlavə saxlanılan yoxdur.

Bakı şəhər prokuroru binanın dağıntıları altında qalan 25-ci şəxsin - Salyan rayonu Kərimbəyli kənd sakini 1987-ci il təvəllüdlü Mürsəlov Elnur İlyas oğlunun cəsədinin tapılmaması haqqında məlumatları təkzib edib: "Çökən binanın dağıntıları altında qalan bütün şəxslər çıxarılıb və bu iş tam başa çatdırılıb".

Seyidov qeyd edib ki, baş vermiş hadisə tam obyektiv araşdırılacaq və məsələdə günahkar olan bütün şəxslər qanunvericiliyə uyğun şəkildə cəzalandırılacaqlar.

Xəbər lenti

Xəbər lenti