...

Iranlı politoloq: "İran prezidentinin radikal bəyanatları BMT Təhlükəsizlik Şurasını İrana qarşı 3-cü qətnamənin tətbiqi istiqamətinə yönəldib"

Siyasət Materials 19 Sentyabr 2007 12:54 (UTC +04:00)
Iranlı politoloq: "İran prezidentinin radikal bəyanatları BMT Təhlükəsizlik Şurasını İrana qarşı 3-cü qətnamənin tətbiqi istiqamətinə yönəldib"

Azərbaycan, Bakı/ Trend , müxbir D.Xatınoğlu/ İran prezidenti Mahmud Əhmədinejadın indiyədək verdiyi radikal bəyanatlar, rəsmi Tehranın beynəlxalq səviyyədə "yumşaq siyasətinə" baxmayaraq, dünya ictimaiyyətinin İrana qarşı mənfi fikirlərini artıq şiddətləşdirib. "İran prezidentinin radikal bəyanatları BMT Təhlükəsizlik Şurasını İrana qarşı 3-cü qətnamənin tətbiqi istiqamətinə yönəldib", - deyə, İran politoloqu İsa Səhərxiz (İsa Saharkhiz) bildirib.

İran prezidenti bazar ertəsi "Came-Cəm" televiziyasına verdiyi musahibədə bildirib ki, Qərb ölkələri İranın nüvə proqramının həyata keçirməsində artıq inad edirlər. Rəsmi Tehran BMT-nin etimadını cəlb etmək üçün sentyabrın 17-də keçirilən MAQATE-nin idarə heyətinin iclasında İranın nüvə təşkilatının sədri bir daha İranın sülhyönlü nüvə enerjisi istehsal etmək niyyətini bildirib. Bundan əlavə, İranın nüvə məsələləri üzrə müzakirələr heyətinin sabiq sədri Həsən Ruhani isə, Xavyer Solana və Almaniyanın XIN rəhbəri Frank-Valter Ştaynmayer ilə müzakirə etmək üçün Berlinə getməyə hazırlaşır. Bununla belə, İrana tətbiq olunan sanksiyaların şiddətləndirilməsi müşahidə olunur.

İranlı politoloq çərşənbə günü Tehrandan telefonla Trend ə bildirib ki, İran prezidentinin radikal xarici siyasəti tamamilə uğursuz nəticə verib və İrana qarşı BMT Təhlükəsizlik Şurasının 3-cü qətnaməsinin tətbiq olunacağı fikrini şiddətləşdirib.

"Əhmədinejad prezidentlik dövründə radikal və ölçülməmiş sözləri nəticəsində, xüsusi ilə Xolokost faciəsini əfsanə adlandırıb, İsrailin məhv olması barədə bəyanat verməsi, dünya ictimaiyyətinin İrana qarşı rəyini mənfiyə doğru dəyişib"-deyə İranlı politoloq bildirib.

"İranın MAQATE ilə əməkdaşlıq etməyə məcbur olması Əhmədinejadın siyasətinin uğursuzluğu nəticəsindədir. Buna rəğmən, İran hakimiyyəti İranın nüvə məsələlərini Avropa ilə müzakirə edən sabiq şəxslərin xaricə səfər etməsini, xüsusilə Ruhaninin, İrana qarşı gərgin durumu səngitmək niyyəti ilə Almanyaya getməsinə mane olur. Bu, ölkə daxilində dövlətin uğursuz siyasətini gizlətmək üçündür. Əhmədinejad, əl-Bəradeinin məruzəsində İran nüvə stansiyalarında qurulmuş sentrifuqların sayının 2000 qeyd olunmasına baxmayaraq, həmişəki iddialarını bir daha təsdiq etmək üçün, yenə də bu rəqəmin 3000 olduğunu bildirdi. Görünür , bu məsələ İranın 3-cü qətnamədən qaçmaq şansını daha da azaldıb-deyə Səhərxiz qeyd edib.

Səhərxiz son olaraq bildirib ki, hazırda İranın nüvə məsələsi çox gərgin və həssas dönəmdədir və İranın, BMT Təhlükəsizlik Şurasının 1-ci və 2-ci qətnaməsinə saymaz yanaşmasıı, rəsmi Tehran üçün bütün xilas yollarını bağlayıb.

Iranın "Rəcanews" xəbər agentliyi verdiyi məlumata əsasən, İranın adı çəkilməyən yüksək vəzifəli məmurlardan biri ölkənin nüvə təşkilatı üzrə MAQATE-ilə sabiq müzakirəçisi Ruhaninin Almaniyaya səfərinin dayandırılmasını tələb edib və bu səfərin qaçılmaz olduğu təqdirdə, Ruhaninin, dövlətin siyasətinə zidd fikirlər söyləməməsini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti