...

Azərbaycan parlamentinin sədr müavini Qəbələ RLS-in bağlanacağını istisna etmir

Siyasət Materials 21 Sentyabr 2007 14:28 (UTC +04:00)
Azərbaycan parlamentinin sədr müavini Qəbələ RLS-in bağlanacağını istisna etmir

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə /Azərbaycan parlamentinin sədr müavini Qəbələ Radiolokasiya Stansiyasının (RLS) bağlanacağını istisna etmir. Bu barədə cümə günü Bakıda keçirdiyi mətbuat konfransında Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov məlumat verib.

"Qəbələ RLS-in gələcək statusu ilə bağlı üç variant var. RLS ya bağlana, ya ABŞ və Rusiyanın birgə istifadəsinə verilə, ya da Azərbaycan RLS-dən istədiyi kimi istifadə edə bilər" - deyə Əsgərov qeyd edib.

Azərbaycanın Qəbələ rayonunda yerləşən RLS SSRİ dövründə inşa olunub. Hazırda Azərbaycanın mülkiyyəti olan Qəbələ RLS 2012-ci ilədək Rusiyaya icarəyə verilib. 2007-ci ilin iyun ayında "Böyük səkkizliy"in sammiti çərçivəsində Rusiya rəhbəri Vladimir Putin ABŞ prezidenti Corc Buşa Qəbələ RLS-dən birgə istifadə etməyi təklif edib. Hazırda Azərbaycan, Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə Qəbələ RLS-dən birgə istifadəyə dair danışıqlar aparılır.

Əsgərov vurğulayıb ki, bir neçə gün əvvəl Qəbələ RLS-ə səfər etmiş ABŞ və Rusiya hərbi ekspertləri öz ölkələrinin nazirlərinə və prezidentlərinə səfərin yekunları ilə bağlı məlumat verirlər. Bu proses başa çatandan sonra ABŞ və Rusiya ekspertlərinin oktyabrda yenidən Qəbələ RLS-ə birgə səfər edib-etməyəcəyi dəqiqləşəcək: "Oktyabrdan sonra Qəbələ RLS-in statusu ilə bağlı konkret söz demək mümkün olacaq. Oktyabrda ABŞ və Rusiya prezidentləri bu məsələyə münasibət bildirdikdən sonra bütün proseslər aydınlaşacaq" - deyə vitse-spiker bildirib.

Əsgərov onu da qeyd edib ki, Qəbələ RLS-in 2012-ci ilədək icarəyə verilməsi ilə bağlı Azərbaycanla Rusiya arasında imzalanmış müqavilənin müddəti başa çatandan sonra rəsmi Moskvanın hansı qərar qəbul edəcəyi məlum deyil: "Rusiya məsələ ilə bağlı qərar verdikdən sonra Azərbaycan da buna uyğun addım atacaq".

Xəbər lenti

Xəbər lenti