...

Yeni Zaman Partiyası müxalifət bloklarının fəaliyyətini səmərəsiz hesab edir

Siyasət Materials 28 Sentyabr 2007 17:40 (UTC +04:00)
Yeni Zaman Partiyası müxalifət bloklarının fəaliyyətini səmərəsiz hesab edir

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Yeni Zaman Partiyası müxalifət düşəgrəsində təmsil olunan heç bir siyasi blokla əməkdaşlıq etməyəcək. Bu barədə cümə günü Trend ə partiyanın sədri Musa Ağayev məlumat verib.

Onun sözlərinə görə, siyasi partiyaların blok şəklində fəaliyyəti heç bir səmərə vermir və onlar qarşıya qoyulan məqsədlərinə nail ola bilmirlər. Ağayev hesab edir ki, müxalifət partiyalarının məqsədlərinə nail olmaması onların yanlış siyasi taktika seçməsi ilə bağlıdır: "Müxalifət partiyalarının fəallığı müşahidə olunmur, mübarizələrini sonadək davam etdirmirlər, xalqın etimadını da qazana bilmirlər. Hesab edirəm ki, bu partiyaların liderləri artıq çoxdan öz yerlərini başqalarına verməli idilər"-deyə Ağayev bildirib.

O, əlavə edib ki, Yeni Zaman Partiyası gələn il keçiriləcək prezident seçkilərində heç bir müxalifət namizədini dəstəkləməyəcək. Ağayevin sözlərinə görə, partiyası bu seçkidə öz namizədi ilə iştirak edəcək. Bu namizəd isə, partiyanın gələn ay keçiriləcək I qurultayında müəyyənləşəcək. Ağayev bildirib ki, özü prezidentliyə namizədliyini verə bilər.

Yeni Zaman Partiyası bu ilin iyulunda təsis olunub. Partiya iqtidara qarşı müxalifətdə dayandığını bəyan edib.

Xəbər lenti

Xəbər lenti