...

Hicablı qadınların ictimai yerlərə buraxılmaması Milli Məclisdə fikir ayrılığına səbəb olub

Siyasət Materials 1 Oktyabr 2007 15:17 (UTC +04:00)
Hicablı qadınların ictimai yerlərə buraxılmaması Milli Məclisdə fikir ayrılığına səbəb olub

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycanda başı hicablı vətəndaşların iş yerlərinə və təhsil müəssisələrinə buraxılmaması məsələsi Milli Məclisin bazar ertəsi keçirilən iclasında millət vəkilləri arasında fikir ayrılığına səbəb olub.

Bakıda Müəllimlər İnstitutunun başı hicablı tələbələri dərsə buraxılmayıblar, son günlər televiziyalarda dini verilişlər qadağan olunub.

Müxalifəti təmsil edən Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Qəzənfəroğlu bildirib ki, seçiciləri Səhiyyə Nazirliyi sistemində işləyən başı hicablı şəxslərin iş yerlərinə buraxılmamaları ilə bağlı ona şikayət edirlər. Deputat başı hicablı şəxslərin iş yerlərinə və təhsil müəssisələrinə buraxılmamalarını yolverilməz sayır: "İnsanların hissiyatı ilə oynamaq olmaz".

Müxalifəti təmsil edən Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn isə qeyd edib ki. başı hicablı vətəndaşlar iş yerlərinə və təhsil müəssisələrinə buraxılmamaqla yanaşı, televiziyalarda dini verilişlər demək olar ki, qadağan olunub: "Hazırda orucluqdur. İftar açılan vaxt televiziyalarda Sovet dövründə çəkilən və islam dinini məsxərəyə qoyan verilişlər verilir. Hesab edirəm ki, bütün bu məsələlər siyasi qərarla həyata keçirilir. Bu isə yolverilməzdir. İnsanların hissiyatı ilə oynamaq olmaz".

Müxalifəti təmsil edən digər deputat, Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Qüdrət Həsənquliyev isə bildirib ki, əgər Səyihə Nazirliyinin hansısa strukturunun rəhbəri başı hicablı şəxslərin iş yerinə gəlməsinə qadağa qoyubsa, bunu alqışlamaq lazımdır. Azərbaycanın dünyəvi dövlət olduğunu vurğulayan deputat qeyd edib ki, bəzi dövlət müəssisələrində çalışan vəzifəli şəxslər ölkə Konstitusiyasına əhəmiyyət vermirlər. Onlar hicablı şəxslərin dövlət və təhsil müəssisələrinə daxil olmasına imkan yaradırlar: "Vətəndaşlar hicabı dəb və ya soyuqdan qorunmaq üçün taxmırlar, bunu dini atribut kimi gəzdirirlər".

Həsənquliyev vurğulayıb ki, əgər bu məsələyə vaxtında reaksiya verilməsə, gələcəkdə Azərbaycan dövləti və dünyəvilik üçün ciddi problemlər yarana bilər: "Biz imkan verə bilmərik ki, dövlətimizə və onun dünyəviliyinə xələl gəlsin".

Xəbər lenti

Xəbər lenti