...

Azərbaycanın hakim partiyası Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərini açıqlayıb

Siyasət Materials 24 Oktyabr 2007 13:07 (UTC +04:00)
Azərbaycanın hakim partiyası Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərini açıqlayıb

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərini açıqlayıb. YAP icra katibinin müavini Siyavuş Novruzov çərşənbə günü Trend ə bildirib ki, hakim partiya seçki kampaniyası müddətinin dörd aydan iki aya azaldılmasını, prezident və parlament seçkiləri zamanı dövlət tərəfindən namizədlərə ayrılan vəsaitin namizəd müəyyən faiz səs toplamadığı halda geri qaytarılması, televiziyalarda namizədlərin reklam kampaniyasının aparılması, prosedur qaydalar, texniki təhcizat və siyasi məsələlərdə dəyişikliklərin edilməsini təklif edir.

Azərbaycanın Seçki Məcəlləsinin təkmilləşdirilməsi məqsədilə hakimiyyətin və Avropa Şurası Venesiya Komissiyasının birgə təşkilatçılığı, siyasi partiyaların iştirakı ilə noyabrın 9-da Bakıda geniş tərkibli müzakirələr təşkil olunacaq. Azərbaycanın müxalifət partiyaları Seçki Məcəlləsinin dəyişdirilməsi ilə bağlı ayrı-ayrılqda təkliflər layihəsi hazırlayıblar.

"YAP bütün seçkilərlə iştirak edib və qanunun hüquqi və prosedur tərəflərinin necə tətbiq edilməsini daha yaxşı bilir və buna uyğun olaraq öz təkliflərini hazırlayıb", -deyə Novruzov əlavə edib.

O qeyd edib ki, Rusiya kimi böyük bir ölkədə parlament seçkisi prosesi iki aya başa çatdırılır: "Azərbaycan kiçik bir ölkə olduğu halda seçki prosesinə dörd ay vaxt ayrılır. Nə inkişaf etmiş Avropa ölkələrində, nə də keçmiş postsovet məkanında seçki prosesinə dörd ay vaxt ayrılmır".

Novruzovun sözlərinə görə, YAP Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı təkliflər üzərində işləyir və təkliflər Avropa Şurası Venesiya Komissiyasına, ATƏT-in Demokratik Təhcizatlar və İnsan Hüquqları Bürosuna təqdim ediləcək. Eyni zamanda, Azərbaycanın Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı noyabrın 9-da Bakıda keçiriləcək tədbirdə YAP öz təkliflərini açıqlayacaq.

YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 ildir ki, hakim partiya olan YAP-ın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti