...

Bakıda "Gənclər Sivilizasiyaların Alyansı Naminə" mövzusunda konfrans keçiriləcək

Siyasət Materials 1 Noyabr 2007 01:10 (UTC +04:00)

Azərbaycan, Bakı, / Trend müxbir S.Ağayeva / Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun sülhməramlı səfiri, Azərbaycanın Milli Məclisinin deputatı Mehriban Əliyevanın himayəsi ilə cümə axşamı Bakıda "Gənclər Sivilizasiyaların Alyansı Naminə" mövzusunda konfrans keçiriləcək.

Konfransın keçirilməsi barədə qərar 2006-cı ildə İslam Konfransı Təşkilatının "Dialoq və Əməkdaşlıq uğrunda" gənclər forumu tərəfindən qəbul olunub və BMT-nin İnkişaf Proqramı, İSESCO və Avropa Şurası kimi beynəlxalq təşkilatlarla tərəfdaşlıq çərçivəsində keçirilir.

Konfransda Mehriban Əliyeva, Qətərin elm və mədəniyyət fondunun prezidenti şeyx Muza Bint Nəsir əl - Missned, BMT-nin baş katibinin Sivilizasiyaların İttifaqı üzrə nümayəndəsi, Portuqaliyanın keçmiş prezidenti Jorji Sampayu, İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl - Tüveyceri və digər yüksək vəzifəli qonaqların məruzə ilə çıxış edəcəyi gözlənilir.

Həmçinin tanınmış alimlər müxtəlif sivilizasiyaların tarixi, qarşılıqlı əlaqələri, siyasi və sosial-mədəni aspektlərinə dair məruzə ilə çıxış edəcəklər.

Məruzələr aşağıdakı mövzuları əhatə edəcək: "Mədəniyyətlər arasında mədəniyyət və münasibətlər", "Fobiyaların təhlükələri: islama qarşı fobiya, Qərbə qarşı fobiya", "Gənclərin inkişafı: yoxsulluqdan zənginliyə doğru", "Müsəlman dünyasında və Qərbdə təhsillə bağlı islahatlar" və s. Gənclər müzakirələrdə fəal iştirak edəcəklər.

Konfrans "Nəsillərarası alyans" Bakı Bəyannaməsinin qəbul edilməsi ilə yekunlaşacaq. Rəsmi sənəd 2008-ci ilin yanvarında İspaniyanın paytaxtı Madriddə BMT-nin himayəsi ilə keçirilməsi planlaşdırılan "Qlobal Alyans" illik forumuna təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti