...

Müstəqil politoloq seçki komissiyalarında 4 müxalifət partiyasının təmsil olunmasını real hesab etmir

Siyasət Materials 5 Noyabr 2007 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müstəqil siyasətçi, politoloq Eldar Namazov AXCP, ADP, ALP və Müsavat partiyalarının seçki komissiyalarında yalnız özlərinin təmsil olunması iddialarını real hesab etmir. Bu barədə Trend ə Namazov açıqlama verib.

Azərbaycanın Seçki Məcəlləsinin təkmilləşdirilməsi məqsədilə Avropa Şurası Venesiya Komissiyası ilə İFES-in birgə təşkilatçılığı və siyasi partiyaların iştirakı ilə noyabrın 7-8 və 9-da Bakıda toplantılar keçiriləcək. Azərbaycan müxalifətinin aparıcı qüvvələri sayılan AXCP, ADP, ALP və Müsavat partiyaları Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı vahid təkliflər layihəsi hazırlamaq qərarına gəliblər. Onlar seçki komissiyalarında yerlərin tam yarısının iqtidar nümayəndələrindən, qalan yarısının ADP, Müsavat, ALP və AXCP-nin nümayəndələrindən ibarət olmasını təklif edirlər.

"Dördlər"in təklifinə münasibətini açıqlayan Namazov bildirib ki, siyasi partiyaların mövqeyi qısa müddətdə kəskin şəkildə dəyişir, dəyişməyən yalnız iddialardır ki, onlar da real görünmür. Namazov qeyd edib ki, bir müddət əvvəl "Azadlıq" bloku digər müxalifət partiyalarını tənqid edir, onları müxalifət saymırdı. Konrket olaraq ADP-ni siyasi kursunu dəyişdiyinə, Müsavat Partiyasını parlamentdə iştirak etdiyinə görə qınayırdı: "İndi isə yeni format elan edir və bəyan edirlər ki, müxalifət düşərgəsi yalnız bu dörd partiyalardan ibarətdir. Sabah onların bir-birinə münasibətinin necə olacağı bilinmir".

Namazov hesab edir ki, seçki komissiyalarında bütün partiyaların iştirak etməsi düzgün deyil. Çünki partiyaların cəmiyyətdə rolu, çəkisi müxtəlifdir, seçki komissiyalarında iştirak etmək imkanları fərqlidir. Lakin Namazov "dördlər"in iddia etdiyi kimi, seçki komissiyalarında müxalifətdən yalnız bu partiyaların iştirakını ədalətsizlik sayır.

Xəbər lenti

Xəbər lenti