...

İran politoloqu: "İran prezidenti müharibə təhlükəsinin səngiməsinə imkan vermir"

Siyasət Materials 9 Noyabr 2007 16:34 (UTC +04:00)
İran politoloqu: "İran prezidenti müharibə təhlükəsinin səngiməsinə imkan vermir"

Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu/ İran prezidentinin İranın nüvə stansiyalarında 3000 aktiv sentrifuqanın olması barədə bəyanatı, dünya ictimaiyyətinin narahatlığını yenidən artırıb. "İran prezidenti müharibə təhlükəsinin səngiməsinə imkan vermir"-deyə, İran politoloqu İsa Səhərxiz (İsa Saharkhiz) bildirib.

İran prezidenti noyabrın 8-də Xorasan vilayətinə səfəri zamanı deyib ki, İran hazırda Nətənz nüvə stansiyasına 3000 aktiv sentrifuqa quraşdıraraq, nüvə planlarını inkişaf etdirməkdə davam edir. İranın İRNA agentliyinin verdiyi məlumata əsasən, prezident Mahmud Əhmədinejad bildirib ki, "biz BMT Təhlükəsizlik Şurasının İran əleyhinə tətbiq etdiyi Qətnamələri tanımadan, nüvə stansiyalarımızda 54000 fəal sentrifuqa qurasdırmağa cəhd edirik. Nüvə məsələləri üzrə ekspertlərin fikrincə, İran həmin 3000 sentrifuqa ilə bir ilədək nüvə bombası istehsal edə bilər.

Səhərxiz cümə günü Tehrandan telefonla Trend ə bildirib ki, bu gün İranın xarici siyasəti kəskin şəkildə uğursuzluğa düçar olub. "İran özünə qarşı düşmən mövqeləri günbəgün artırır. İran rəsmiləri polis, interpol vasitələri ilə təqib olunur, ölkə əleyhinə qətnamələr tətbiq olunur və İran təcrid olunmaqdadır. Rəsmi Tehran diplomatik əlaqələrində həddindən artıq zəif və səhv yöndə hərəkət edir və İranın beynəlxalq imicinə zərbə vurur. Rəsmi Tehran 13 il bundan qabaq Argentinada törədilmiş partlayışın ittihamlarından diplomatik yollarla boyun qaçıra bilərdi. Dünya ictimaiyyəti bundan sonra İranın heç bir sözünə inanmayacaq"-deyə, İran politoloqu bildirib.

İnterpol noyabrın 7-də, 1994-də Argentinada törədilmiş partlayışla bağlı, İranın 5 rəsmisini axtarışa verib. Bu partlayışda 85 nəfər yəhudi ölüb.

Səhərxizin fikrincə, İranda siyasi xadimlərin və ekspertlərin əksəriyyəti Tehranın Qərbə münasibətdə mövqeyinin nə dərəcədə təhlükəli olduğunu dəfələrlə bildirib. "İran hakimiyyətinin, təhdid xarakterli diplomatıyasının sonu İrana qarşı daha sərt sanksiyaların tətbiq olunması və hətta müharibədir.

Londonun "Times" qəzetinin noyabrın 8-də yaydığı məlumata əsasən, İsrail İranın 3000 fəal sentrifuqası məsələsini özünə ciddi təhlükə hesab edir. Buna görə də, yaxın gələcəkdə İranın nüvə stansiyalarını raket hədəfinə alacağı istisna olunmur.

Səhərxiz bu barədə bildirib ki, "müharibə variantı" ehtimalı az olsa da, qətiyyən qapanmayıb. İran beynəlxalq səviyyədə Qərb ölkələrinin əlinə yetərincə bəhanə veribdir və müharibə hər an başlaya bilər.

Politoloq Omid Ərəb isə, yaranan gərginlikdə Qərb ölkələrini günahlandıraraq bildirib ki, MAQATE Tehranın sülhməramlı nüvə planlarını təsdiq etdiyi təqdirdə, Avropanın bəzi ölkələrinin, həmçinin, ABŞ-ın İran əleyhinə mövqe tutması düzgün deyil. "Qərb" İrana qarşı neytral bir mövqe tutmayınca, İranla münaqişələri həll olunmayacaqdır. "Rəsmi Tehranın tutduğu siyasət və diplomatik seçimlər normal və təbiidir"-deyə, İran politoloqu bildirib.

Xəbər lenti

Xəbər lenti