...

Separatçıları müdafiə etməklə, Fransa Avropada ictimai etimadını itirir- Azərbaycan deputatı

Siyasət Materials 10 Noyabr 2007 15:00 (UTC +04:00)
Separatçıları müdafiə etməklə, Fransa Avropada ictimai etimadını itirir- Azərbaycan deputatı

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Fransada erməni terrorçusunun adının əbədiləşdirilməsi, bu ölkənin ictimai reytinqinə mənfi təsir edir, şənbə günü Trend ə Azərbaycan-Fransa Parlamentlərarası Dostluq Qrupunun üzvü Azay Quliyev bildirib. Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri olan Fransa separatçının adını əbədiləşdirməməlidir.

Noyabrın 10-da Fransanın Klamar şəhərində Azərbaycan torpaqlarının işğalında iştirak edən Monte Melkonyanın xatirəsinin əbədiləşdirilməsi üçün, onun yaşadığı binaya xatirə lövhəsinin vurulması ilə bağlı anma mərasimi keçirilib. Kaliforniyada anadan olmuş Melkonyan 1991-ci ildə Dağlıq Qarabağa gələrək, Martuni rayonunda Azərbaycana qarşı işğalçı döyüşlərdə iştirak edib. O, 1993-cü il iyunun 12-də Azərbaycanın Ağdam rayonu yaxınlığındakı döyüşlərdə öldürülüb.

Millət vəkili deyib ki, Fransa, Dağlıq Qarabağ probleminin həlli məsələsində vasitəçilik edən dövlət kimi, separatçıların tərəfini tutmamalıdır. Bu cür mövqe tutmaqla, Fransa Avropada ictimai etimadını itirir və rəsmi Parisə olan inamı heçə endirir.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti