...

Sərhəd Xidmətlərinin nümayəndələri Bakıda toplaşıb

Siyasət Materials 15 Noyabr 2007 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Bakıda Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransın Sahil Mühafizəsi üzrə İşçi Qrupunun iclası başlayıb.

İşçi Qrupunun iki gün davam edəcək iclasında ölkələrin sərhəd təhlükəsizliyi sistemində Sahil Mühafizəsinin yeri və rolu, sahil mühafizə bölmələrinin əsas vəzifə və hüquqları və İşçi Qrupunun gələcək fəaliyyət istiqamətləri ətrafında müzakirələr aparılacaq.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəis müavini Fərhad Tağızadə bildirib ki, Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfrans üçün sənəd hazırlanacaq və sənəddə İşçi Qrupunun tövsiyələri əksini tapacaq.

İşçi Qrupunun ilk iclasında 12 ölkənin sərhəd xidmətlərinin və Avropa İttifaqının sərhəd təhlükəsizliyi üzrə FRONTEX agentliyinin ekspertləri iştitak edirlər.

İşçi Qrupunun əsas vəzifələrinə su sərhədlərinin qorunmasının səviyyəsinin yüksəldilməsi, sahil mühafizəsinin hüquqi bazasının öyrənilməsi, təcrübə və məlumat mübadiləsinin aparılması, qanunsuz miqrantların, narkotiklərin, qaçaqmalın, silah-sursatın, kütləvi qırğın sialhlarının su sərhədlərindən keçirilməsinin qarşısının səmərəli şəkildə alınması, axtarış-xilasetmə əməliyyatlarının operativ keçirilməsinə kömək göstərilməsi daxildir.

Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfrans 1993-cü ildən fəaliyyət göstərir. Azərbaycanın Dövlət Sərhəd Xidməti 2002-ci ildən bu təşkilatın üzvüdür.

Xəbər lenti

Xəbər lenti