Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda bu il törədilən cinayətlərin 10,5 faizi xüsusilə ağır və ağır xarakterli cinayətlərə aiddir. Dövlət Statistika Komitəsindən bazar ertəsi Trend ə bildiriblər ki, yanvar-oktyabr aylarında ölkədə 15 436 cinayət hadisəsi qeydə alınıb. Bunlardan 1615-i xüsusilə ağır və ağır xarakterli cinayətlərdir.
Törədilən cinayətlər nəticəsində 8769 nəfər zərər çəkib və onlardan 1228 nəfər həlak olub. Həlak olanlardan 8,5 faizi yetkinlik yaşına çatmayanlardır. Hesabat dövründə əməliyyat istintaq tədbirləri nəticəsində cinayətlərin 11 386-sı və ya 73,8 faizi açılıb. Açılmış cinayətlərin 1312-si bir qrup şəxs, 1334-ü əvvəllər cinayət törətmiş şəxslər, 438-i sərxoşluq vəziyyətində olan şəxslər, 326-sı yetkinlik yaşına çatmayanlar tərəfindən törədilib.