...

Dindən başqa məqsədlər üçün istifadə edənlərə qarşı bütün cəmiyyət mübarizə aparmalıdır- Prezident Aparatının rəsmisi

Siyasət Materials 20 Noyabr 2007 15:50 (UTC +04:00)
Dindən başqa məqsədlər üçün istifadə edənlərə qarşı bütün cəmiyyət mübarizə aparmalıdır- Prezident Aparatının rəsmisi

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Prezidentin İcra Aparatının rəsmisi hesab edir ki, Azərbaycanda dindən başqa məqsədlər üçün istifadə edənlərə qarşı bütün cəmiyyət mübarizə aparmalıdır və belə hallara qarşı cəmiyyət ayağa qalxmalıdır. Bu barədə çərşənbə axşamı Prezidentin İcra Aparatının hüqüq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib.

Hüquq-mühafizə orqanları ötən ay ,qulluq etdiyi hərbi hissədən 4 avtomat, 1 "PK" əl pulemyotu, 20 əl qumbarası, xeyli sayda avtomat silah patronu və hərbi ləvazimat oğurlayaraq, hərbi hissəni özbaşına tərk edən baş leytenant Kamran Əsədovun da daxil olduğu radikal vəhabilərdən ibarət qrupu həbs edib. Qrupun bəzi xarici ölkələrin Azərbaycandakı səfirliklərinə qarşı terror aksiyası keçirmək planları barədə daxil olmuş məlumatlar əsasında, Milli Təhlükəsizlik Nazirliyi xüsusi əməliyyat hazırlayaraq, həyata keçirib. Oktyabrın 27-də qrupun bir neçə üzvünün gizləndiyi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin Bağ massivindəki ünvanda keçirilən əməliyyat tədbirləri ilə, həmin şəxslər yaxalanıb, qrupun bir üzvü silahlı müqavimət göstərməyə cəhd edərkən öldürülüb. Oğurlanaraq gizlədilmiş silah-sursatın bir hissəsi həmin ünvanda, bir hissəsi isə, İsmayıllı rayonu ərazisində aşkar edilərək götürülub. Qrupun digər üzvlərinin yaxalanması üzrə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində, Xırdalan şəhər sakini, 1983-cü il təvəllüdlü Vüqar Əliyev və Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Elşən Məmmədov da zərərsizləşdiriliblər. Vüqar Əliyev və Elşən Məmmədov, üzvləri olduqları silahlı qrupun fəaliyyəti, plan və niyyətləri barədə ətraflı məlumat veriblər. Onlar Bakı şəhərində bir sıra dövlət strukturlarına, habelə ,ABŞ-ın və digər dövlətlərin səfirliklərinə qarşı terrorçuluq aksiyası keçirmək məqsədilə, hərbi hissədən silah-sursat oğurladıqlarını, lakin məhz Milli Təhlükəsizlik Nazirliyinin Maştağa qəsəbəsində həyata keçirdiyi əməliyyat tədbirlərinin nəticəsində bu niyyətlərinin baş tutmadığını etiraf ediblər. Oktyabrın 30-da, saat 22:30 radələrində qrupun axtarışda olan digər üzvləri - Kamran Əsədov, Fərid Cabbarov və Bəxtiyar Orucov Bakı şəhəri, Heydər Əliyev prospektində yerləşən "Lukoyl" yanacaqdoldurma məntəqəsinə silahlı basqın edərək, işçilərdən birinə odlu silahla ağır bədən xəsarəti yetirib və 3 min manata yaxın pulu ələ keçirərək, hadisə yerindən qaçıblar.

Ələsgərov qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən qeyri-ənənəvi təriqətlərlə bağlı konpleks tədbirlər həyata keçirilməlidir."Hazırda dinə aidiyyatı olan şəxslərin din pərdəsi altında hansısa cinayət törətmələrinə qarşı mübarizədən söhbət gedir. Dini ekstremizmə, din pərdəsi altında terrorçuluq əməliyyatını həyata keçirən şəxslərə qarşı mübarizə aparırıq", -deyə Prezident Aparatının rəsmisi Azərbaycanda vəhabiliyinin qadağan olunub-olunmayacağına dair sualı cavablandırərkən bildirib.

Onun fikrincə, son illər Azərbaycanda kriminogen durum çox sabitdir və nəzarət altındadır. Bu həm cinayətlərin açılmasına, həm də profliktika sahəsinə aiddir: "Hesab edirəm ki, bundan sonra da belə olacaq. Son dövrdə törədilən ayrı-ayrı cinayətlərə gəlincə, bunların açılması istiqamətində xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Bu cinayətlərin üstü açılacaq".Prezident Aparatının rəsmisi qeyd edib ki, Azərbaycanda son zamanlar baş verən hadisələrlə xarici qüvvələrin əlaqəsi yoxdur: "Mən belə bir əlaqəni görmürəm. Hər halda, belə bir məlumatımız yoxdur. Radikal vəhabilər, dini ekstrimizimlə bağlı məsələ ondan ibarətdir ki, bu şəxslər konkret cinayətlər törədiblər. Terrorçuluğa cəhdlər ediblər, külli miqdarda silah-sursat oğurlayıblar. Bu, narahatlıq doğuran haldır. Bütün hüquq-mühafizə orqanları səfərbər olunub və bu cinayətlər çox uğurla açılıb.

Xəbər lenti

Xəbər lenti