...

Azərbaycanda "Milli həmrəylik və demokratik dirçəliş uğrunda" Vətəndaş Xartiyası yaradıldı

Siyasət Materials 21 Noyabr 2007 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın ictimai, siyasi, media, elm xadimlərindən ibarət "Milli həmrəylik və demokratik dirçəliş uğrunda" Vətəndaş Xartiyası yaradılıb. Trend in məlumatına görə, bu barədə Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov çərşənbə günü keçirilən Xartiyanın təqdimatında məlumat verib.

Namazov bildirib ki, Azərbaycanda iqtidarla müxalifət arasında münasibətlərin pis olması ölkədə ictimai konsensusa, milli həmrəyliyə böyük ehtiyac yaradır. Bu məqsədlə, həmçinin ərazilərimizin işğaldan azad edilməsi, ölkənin inkişafına, demokratiyaya nail olmaq üçün bir qrup tanınmış politoloq və siyasətçilər, jurnalist və media başçıları, QHT rəhbərləri, hüquq müdafiəçiləri, ziyalılar, gənclər təşkilatları Vətandaş Xartiyasına imza atıblar.

Namazovun sözlərinə görə, Vətandaş Xartiyası Azərbaycanda növbəti parlament seçkilərinə qədər koalision milli etimad hökumətinin yaradılmasını, "Eks-prezidentlərin statusu barədə" qanunun qəbul olunmasını, siyasi amnistiya verilməsi ilə bütün siyasi məhbusların azadlığa buraxılmasını, mühacirətdə yaşayan siyasi xadimlərin vətənə qayıtmasına imkan yaradılmasını, həmçinin iqtisadi amnistiya verilməsini, "kölgə iqtisadiyyatının" ləğvini, şəxsi mülkiyyət toxunulmazlığına təminat verilməsini təklif edir. Xartiya həmçinin iqtidar və müxalifət partiyalarının, vətandaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Həmrəylik və İnkişaf Məclisi yaradılmasını zəruri sayır.

Vətəndaş Xartiyası dövlət idarəcilik sisteminin demokratikləşdirilməsi üçün təklif edir ki, 2009-cu ildə ümumxalq referendumu keçirilərək Konstitusiyaya dəyişikliklər edilsin - Azərbaycan parlament respublikası idarə üsuluna keçsin, prezidentin səlahiyyətləri azaldılsın, hökumət parlamentdə çoxluq təşkil edən qüvvələr tərəfindən formalaşdırılsın, parlament seçkiləri mojaritar-proporsional sistemlər əsasında keçirilsin, bələdiyyələrin səlahiyyətləri artırılsın, şəhər bələdiyyələri yaradılsın.

Namazov bildirib ki, gələn ilin yayına qədər 100 minlərlə insanın bu Xartiyaya qoşulmasına çalışacaqlar, bölgələrdə bununla əlaqədar sadə insanlarla görüşlər keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti