Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycanın müxalif Ədalət Partiyasının şənbə günü keçirilən IV qurultayında İlyas İsmayılov yenidən partiyanın sədri seçilib. Trend in müxbiri xəbər verib ki, qurultayda İsmayılova alternativ namizəd Elxan Şükürlü olub. Şükürlü namizədliyini İsmayılovun xeyrinə geri götürüb. İsmayılov səs çoxluğu ilə qalib gəlib.
Qurultayda partiyanın 65 rayon və şəhər təşkilatlarından seçilmiş 347 nəfər nümayəndədən 339-u qurultayda iştirak edir. Qurultayda müxalifət partiyaları ilə yanaşı hakim Yeni Azərbaycan Partiyasının rəsmiləri də iştirak edib.
Müxalifətçi Ədalət Partiyası 1993-cü ildə yaradılıb, 1996-cu ildə ADP-yə birləşib. 2000-ci ildə "Ədalət"çilər ADP-dən ayrılaraq partiyanın fəaliyyətini bərpa ediblər. 2001-ci ildən indiyək Ədalət Partiyasına İlyas İsmayılov sədrlik edir. İsmayılov 2003-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkilərində prezidentliyə namizəd olub və hazırda Milli Məclisin deputatıdır.
Bugünkü qurultay partiyanın ümumilikdə IV, bərpadan sonra sayca II (I qurultay 2001-ci ildə olub) qurultayıdır.