...

Mirmahmud Mirəlioğlu: "20-dən çox partiyanın bir araya gəlməsi dörd partiyanın narahatlığına səbəb olub"

Siyasət Materials 10 Dekabr 2007 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu hesab edir ki, 20-dən çox müxalifət partiyasının bir araya gəlməsi AXCP, ADP, ALP və Müsavat partiyalarını qıcıqlandırmağa başlayıb. O, bu barədə Trend ə açıqlamasında bildirib.

Azərbaycanın 20-dən çox müxalifət partiyası birgə müzakirələrə başlayıb və ölkədə demokratik seçki mühitinin yaranması üçün əməkdaşlıq etməyə, ümummilli problemlərimizin həllində vahid mövqe bildirməyə qərar veriblər. Yaxın günlərdə bu partiyalar arasında əməkdaşlığa dair saziş imzalanması gözlənilir. Əməkdaşlığa qərar verən siyasi qurumlar - "Bizim Azərbaycan" blokuna daxil olan səkkiz partiya, KXCP, Sosial Demokrat, Vətəndaş Həmrəyliyi, Böyük Quruluş, Azadlıq, Milli Demokratiya, Ədalət, Ümid və digər partiyalardır.

Müxalifəti təmsil edən ADP, AXCP, ALP, Müsavat kimi iri partiyalar "20-lərin" formatında təmsil olunmur.

Mirəlioğlunun sözlərinə görə, "20-lərin" birliyi bu dörd partiyanın narahatlığına səbəb olub: "Onlar bildirirlər ki, 20 partiyanın birliyinin perspektivinə inanmırlar, bu partiyaları "cırtdan" adlandırırlar. Amma özləri uzun illər saxta müxalifətçiliklə məşğul olaraq əslində hakimiyyətin möhkəmlənməsinə xidmət ediblər" - deyə Mirəlioğlu bildirib.

O əlavə edib ki, özlərindən başqa partiyaların mövcudluğunu qəbul etmək istəməyən "dördlər" bu hərəkətləri ilə müxalifətin birliyinə, xalqın ona inamına zərbə vururlar.

2006-cı ilin mart ayında müxalifətçi Klassik Xalq Cəbhəsi Partiyasının təsis qurultayı keçirilib. Həmin vaxta qədər partiya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) "klassiklər" qanadı kimi tanınırdı. Azərbaycanın eks-prezidenti, AXCP-nin sədri Əbülfəz Elçibəyin müavini olmuş Mirmahmud Mirəlioğlu 2000-ci ildə partiyanın iki yerə parçalanmasından sonra "Klassiklər" qanadına sədrlik edib. 2006-cı ildə partiyanın adında dəyişiklik edilərək KXCP adlandırılıb.

Xəbər lenti

Xəbər lenti