...

Müxalifətin effektli fəaliyyəti üçün Xalq Cəbhəsi və Müsavat partiyaları birləşməlidir – millət vəkili

Siyasət Materials 12 Dekabr 2007 12:03 (UTC +04:00)
Müxalifətin effektli fəaliyyəti üçün Xalq Cəbhəsi və Müsavat partiyaları birləşməlidir – millət vəkili

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan müxalifətinin fəaliyyətinin gücləndirilməsi üçün ana müxalifət partiyalarının birləşməsi labüddür. "Sosial bazasına görə nəhəng olan Xalq Cəbhəsi və Müsavat partiyaları bir ad altında birləşməlidir. Onda həmin müxalifət partiyalarının fəaliyyəti effektli olar və yeni siyasi güc mərkəzi yaranar" çərşənbə günü Trend ə Xalq Partiyasının, Müsavat Deputat Qrupunun üzvü Pənah Hüseyn bildirib.

Azərbaycanın ana müxalifət partiyaları sayılan Müsavat və AXCP sosial bazasına görə daha güclü siyasi təşkilatlar hesab edilir. Bu partiyalar müxtəlif illərdə bir blok və birliklər çərçivəsində fəaliyyət göstərib. 2005-ci il parlament seçkilərindən sonra iki partiya arasında soyuqluq yaranıb. Buna səbəb isə AXCP-nin parlament seçkilərini boykot etməsi, Müsavatın isə əksinə seçkilərdə iştirakı olub. Son bir həftə ərzində Müsavat başqanı İsa Qəmbərlə AXCP sədri Əli Kərimlinin görüşərək əməkdaşlığa dair müzakirələr apardıqları bildirilir.

Hüseyn hesab edir ki, partiyalar birləşdikdən sonra Müsavat adı altında fəaliyyət göstərməlidir. Onun sözlərinə görə, partiyaya yeni sədrin seçilməsi üçün isə qurultay çağırılmalıdır. Millət vəkilinin fikrincə, partiyaya həmsədrlik formasında da rəhbərlik mümkündür. Yəni Qəmbərlə Kərimli partiyanın həmsədri ola bilərlər. Hüseynin sözlərinə görə, hər iki partiya birləşsə, digər 10-15 müxalifət partiyaları həmin siyasi təşkilata qoşular. "AXCP ilə Müsavatın bir adda fəaliyyət göstərməsi hələ bu partiyalar yaranmamışdan öncə olub. 1990-cı illərdə Türkiyədən Azərbaycana gələn müsavatçılar Əbülfəz Elçibəyə AXCP ilə Azərbaycanda yeni yaranacaq Müsavat Partiyasının bir ad altında fəaliyyətini təklif etmişdilər. O dövrdəki siyasi situasiyaya görə Elçibəy bundan imtina etmişdi və Azərbaycanda Müsavat Partiyasının yaranmasının tərəfdarı olmuşdu" Hüseyn əlavə edib. Onun bildirdiyinə görə, partiyaların birləşməsi təklifindən Qəmbərlə Kərimli məlumatlıdır.

Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.

AXCP hazırda "Azadlıq" siyasi blokunun üzvü və həmtəsisçisidir. Partiyanın qurucusu və 2000-ci ilə qədər sədri Azərbaycanın eks-prezidenti mərhum Əbülfəz Elçibəy olub. 2000-ci ildən indiyədək AXCP-yə keçmiş dövlət katibi, sabiq deputat Kərimli sədrlik edir.

Xəbər lenti

Xəbər lenti