...

Azərbaycanda sərbəst toplaşmaq azadlığının təmin edilməsi üçün uzunmüddətli strategiya hazırlanıb

Siyasət Materials 12 Dekabr 2007 14:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda vətəndaşların sərbəst toplaşmaq azadlığının təmin edilməsi üçün altı ictimai təşkilat tərəfindən uzunmüddətli strategiya hazırlanıb. Bu barədə Trend ə Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov məlumat verib.

Altı ictimai təşkilatın təşəbbüsüylə insan haqlarının müdafiəsi ilə əlaqədar dekabrın 8-də "Ukrayna" meydanında mitinq keçirilməsi planlaşdırılırdı. Lakin Bakı Şəhər İcra Hakimiyyəti "Ukrayna" meydanında mitinqə icazə verməyib, əvəzində "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin "Bibiheybət" stadionunu təklif edib. İctimai təşkilatlar növbəti dəfə paytaxt rəhbərliyinə məktubla müraciət edərək dekabrın 22-də "Ukrayna" meydanında mitinq, dekabrın 23-də isə "Neftçi"nin stadionunda Bibiheybət və 20-ci sahə qəsəbələrinin sakinləri ilə görüş keçirilməsi üçün icazə istənilib.

Namazov bildirib ki, Bibiheybət qəsəbəsinin qaz, işıq, yol, infrastruktur və digər sosial problemləri var. Ona görə yığıncağın təşkilatçıları bu problemlər və onların həlli yollarına dair təkliflərdən ibarət 16 səhifəlik xüsusi buraxılış hazırlayırlar. Tanınmış qəzetlərdən biri xüsusi buraxılış şəklində çap olunacaq və məhz həmin problemlərə həsr olunacaq, Bibheybət, 20-ci sahə qəsəbələrinin sakinlərinə paylanacaq.

Namazovun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin 22, 23 dekabr tədbirləri ilə bağlı verəcəyi cavaba adekvat olaraq təşkilatçıların atacağı addımlar artıq müəyyənləşib. Lakin o, bu addımların nədən ibarət olacağını açıqlamayıb. Yalnız onu deyib ki, izacə verilməsə, görüləcək tədbirlərdən biri Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə vermək olacaq.

Namazov əlavə edib ki, yığıncaqların təşəbbüskarı olan ictimai təşkilatlar gələn ilin prezident seçkisi ili olmasını nəzərə alaraq, sərbəst toplaşmaq hüququ bərpa olunana qədər mübarizə aparacaqlar. O, bunun üçün hazırlanmış strategiyanın təfərrüatları barədə açıqlama verməyib: "Biz sərbəst şəkildə yığıncaqlar keçirilməsinə mütləq nail olacağıq" - deyə Namazov bildirib.

Xəbər lenti

Xəbər lenti