...

Partiyada sədr dəyişikliyinə ehtiyac yoxdur - İqtidaryönlü partiyanın sədr müavini

Siyasət Materials 14 Dekabr 2007 10:08 (UTC +04:00)
Partiyada sədr dəyişikliyinə ehtiyac yoxdur - İqtidaryönlü partiyanın sədr müavini

Azərbaycan, Bakı Trend , müxbir İ.Əlizadə/ İqtidaryönlü Ana Vətən Partiyasının (AVP) funksioneri hesab edir ki, partiyada sədr dəyişikliyinə ehtiyac yoxdur. "Fəzail Ağamalı partiyanı yaxşı idarə edir. Ona görə də mən qurultayda namizədliyimi irəli sürməyəcəyəm və onun namizədliyini dəstəkləyəcəyəm", -deyə cümə axşamı AVP sədrinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü, deputat Zahid Oruc bildirib.

AVP-nin qurultayı 2008-ci ilin yayında keçiriləcək. Qurultyada təşkilatı məsələlər müzakirə olunacaq, partiya sədri və Nəzarət -Təftiş Komissiyasının üzvləri seçiləcək. Qurultayda 16 il AVP sədri olan Fəzail Ağamalıya alternativ namizədlərin olacağı bildirilirdi. Bu məsələdə sədrin müavini Zahid Orucun adı hallanırdı. Ağamalı bununla bağlı sualı cavablandırarkən bildirib ki, əgər Orucun sədr olmaq iddiası varsa, qurultayda namizədliyini irəli sürsün.

Oruc hesab edir ki, partiyaya rəhbərlik etmək, təşkilatın yerli strukturlarının fəaliyyətini təmin etmək böyük resurslar tələb edir: "Ağamalı ilə münasibətlərim normaldır və sədrə qarşı hər hansı bir qərəz və iddiam yoxdur".

Millət vəkili qeyd edib ki, bu gün əsas dəyişiklik müxalifət partiyalarında olmalıdır. Çünki müxalifət partiyalarında 17 ildir ki, nə rəhbər, nə də kadr dəyişikliyi həyata keçirilir: "Bu isə, avtoritarizim göstəricisidir. Müxalifət partiyaları dəyişikliyə və islahatlara qapılarını bağlayıblar, sədr seçkiləri alternativsiz əsaslarla keçirilir, fərqli fikir söyləyən insanlar müxtəlif təzyiq yolu ilə partiyadan uzaqlaşdırılır, bir vəzifə tutan kadrlar illərlə dəyişdirilmir və yeni kadrlara və gənclərə idarəçilikdə iştirak etməyə imkan yaradılmır. Bu isə, müxalifət partiyalarının qüsurudur. Müxalifət partiyalarının sədrləri rəhbərlik etdikləri təşkilatları özlərinin şəxsi supermarketlərinə çeviriblər və hesab edirlər ki, Roma Papası kimi, vəzifəyə ömürlük seçilməlidirlər".

AVP 1991-ci ildə yaradılıb. Partiya parlamentdə iki deputatla təmsil olunur.

Xəbər lenti

Xəbər lenti