...

Azərbaycan siyasətçiləri yeni ili evlərində keçirməyə üstünlük verirlər

Siyasət Materials 29 Dekabr 2007 13:37 (UTC +04:00)
Azərbaycan siyasətçiləri yeni ili evlərində keçirməyə üstünlük verirlər

31 dekabr-Yeni ili Azərbaycan siyasətçiləri adəti üzrə evlərində keçirməyə üstünlük verirlər. Trend ölkənin müxalif və iqtidar partiya liderləri ilə Yeni ili necə keçirəcəkləri barədə sorğu aparıb.

Müxalifətçi Müsavat Partiyasının başqanı İsa Qəmbər: Yeni ili ənənəvi olaraq evdə, ailəmlə birlikdə qeyd edəcəm. Yeni ili gənclik illərində daha çox dostlarım, həmyaşıdlarım ilə qeyd edirdimsə, indi evdə ailə üzvlərimin ətrafında olmağa üstünlük verirəm. Mən və həmyaşıdlarım indi artıq o mərhələyə çatmışıq ki, bizim övladlarımız bayramda öz dostları ilə birlikdə olmağa üstünlük verirlər. Bu, təbii prosesdir və bununla razılaşmalıyıq.

Son 10 ili spritli içki içmədiyim üçün baryam günü şampan şərabından dadmıram. Lakin evdə demokratik bir şərait yaratmışam və spirtli içkiyə münasibətdə ailə üzvlərinə sərbəstlik vermişəm. Şampan partlatmaq artıq mənim sahəmə aid deyil. 

Hazırda yeni illə əlaqədar ailə üzvlərimə hədiyyə almaq barədə düşünürəm. Bayram atributlarına çox da böyük önəm vermirəm, ən əsası baryam günü insanların bir-birinə olan münasibəti, diqqətidir.

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Mübariz Qurbanlı:

Həmişəki kimi bu yeni ili də evimdə ailəmlə birlikdə qarşılayacam. Mən ümumiyyətlə, bayramları, əlamətdar günləri evdə qeyd etməyi xoşlayıram. Restoranlara həvəs göstərmirəm, çünki həm yeməyə böyük həvəsim yoxdur, həm də həddən artıq səs-küyü xoşlamıram. Hətta səs-küydən toylarda da otura bilmirəm.

Yeni il gecəsi evimdə bayram süfrəsinə xüsusi diqqət yetirirəm. Ət eməklərinə həvəsim yoxdur, əsasən plov xoşlayıram, onu da quş əti ilə yeyirəm, yəni toyuqla. Yeməkləri özüm sifariş vermirəm, xanımım öz zövqü ilə hansı xörəkləri hazırlayırsa, onu da yeyirəm. İçki isə içmirəm. Hətta kampaniyalarda etika xatirinə qədəhimi qaldırıram, yalandan guya içirəm. Amma bir qədəh arağı heç məclisin sonuna qədər bitirmirəm.

Yeni ildə də həmişəki kimi simvolik olaraq şampan şərabı partladacağıq, amma onu da içmirəm.  

Dostlarımla zəngləşib bir-birimizi təbrik edirik, amma yeni il gecəsində bir yerdə olmuruq. Adətən bayramın sonrakı günlərində birimizin bağ evində yığışırıq.

Müxalifətçi Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu: Yeni ili xüsusi bir gün kimi qeyd etmirəm. Mənim üçün ən sevimli bayram Novruz bayramıdır. Ona görə də yeni ili xüsisi təntənə ilə və bayram əhval-ruhiyyəsində qarşılamıram.

Əvvəllər bayramları dostlarla birlikdə keçirirdim. Lakin bu il 31 dekabrda-yeni il gecəsində evimdə, ailəmlə birlikdə olacağam. Bayram günü ya televizora baxmağa, ya da kitab oxumağa üstünlük verirəm. Əvvəllər uşaqlar balaca olanda yolka bəzəyərdilər, indi böyüyüblər və hərəsi bir tərəfdədir deyə heç evimizdə yolka da bəzənmir.

Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Mirzəzadə: Yeni ili evimdə, ailəmlə birlikdə qarşılamağı xoşlayıram. Bayramı heç vaxt restoranda qeyd etməmişəm. Evdə bayram süfrəsinin rəngarəng olmasına və milli xörəklərimizin bişirilməsinə çalışıram. Süfrədə mütləq plov, dolma, dovğa olmalıdır. Bəzən xörəyin, salatların hazırlanmasında həyat yoldaşıma köməklik edirəm. Əslində, bu, çox təbii bir işdir, çünki hər bir kişinin daxilində yaxşı bir aşbaz var, lakin bunu özü bilmir. Çayı isə ümumiyyətlə özüm dəmləyirəm. Çay mütləq təbii Lənkəran çayı olmalıdır və müxəklə dəmləyirəm. Mən hesab edirəm ki, evdə çayı heç kim mənim kimi yaxşı dəmləmir.

Bu dəfəki bayrama artıq hazırlıq görmüşəm, uşaqlar üçün fişənglər almışam. Amma özüm heç fişəng atmıram, ümumiyyətlə, silahdan, partlayıcı maddələrdən qorxuram. 

Bayram günü mütləq dostlarıma, yaxınlarıma zəng vurub təbrik edirəm. Hətta kimsə məni qabaqlayırsa, üzrxahlıq edirəm ki, mən birinci zəng vurmalı idim. Bayram günlərində dünyasını dəyişmiş yaxınlarımı da yad edirəm. Hər zaman arzulayıram ki, anam və ya nənəm bayram günü yuxuma gəlsin, onların ruhunun şad olmasını görüm. 

Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov: Bu yeni ildə əvvəlki illərdən fərqli olaraq siyasi fəaliyyətlə məşğul olacam. Bayram günlərində hətta ictimai-siyasi xarakterli tədbir, aksiyalar keçirməyə hazırlaşıram. Bu il Qurban bayramında ictimai-siyasi tədbir keçirməklə özüm üçün bu ənənəni yaratdım. Bu ilki yeni il bayramını demək olar ki, siyasi aksiyalara həsr edəcəm. 31 dekabr gecəsini ailəmlə birlikdə evdə qarşılayacam.

Sorğunu apardı S.İlhamqızı

Xəbər lenti

Xəbər lenti