Azərbaycan, Bakı, 11 yanvar / Trend , müxbir S.İlhamqızı/ Builki prezident seçkisində iştiraka qərar vermiş Müsavat Partiyasının namizədinin ətrafında geniş koalisiya yaradılacaq. Bu barədə cümə günü Trend ə Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbər açıqlama verib.
Müsavat Partiyası bu ilin oktyabrında Azərbaycanda keçiriləcək prezident seçkisində partiyanın başqanı İsa Qəmbərin namizədliyinin irəli sürülməsi barədə ötən il qərar çıxarıb.
Əkbər bildirib ki, Müsavatın namizədinə dəstək verilməsi məqsədilə cəmiyyətdəki ayrı-ayrı ictimai qurumlarla, siyasi partiyalarla, tanınmış nüfuzlu şəxslərlə yaxın günlərdə danışıqlara başlayacaqlar. Seçkinin sonuna yaxın mərhələdə isə müsavatçılar prezidentliyə namizədləri olan digər partiyalarla danışıqlar aparacaqlar: "Çünki hər bir iddialı şəxs namizədliyini irəli sürərək öz gücünü, real şansını müəyyənləşdirməlidir. Amma seçkinin sonrakı həlledici mərhələsində real şansa malik olmadığını görüb, buna baxmayaraq seçkidə sona qədər iştiraka davam edəcəksə, bu, artıq həmin namizədin səhvi olacaq"-deyə Müsavat funksioneri bildirib.
Əkbərin fikrincə, hazırda prezidentliyə Qəmbərdən şanslı namizəd yoxdur və hesab edir ki, müxalifət düşərgəsindən olan digər namizədlər də seçki dövründə gecikmədən Müsavatın namizədinə dəstək verməlidirlər: "Çünki vaxtında bu addımın atılmaması müxalifətin səslərinin parçalanmasına səbəb olacaq"-deyə Müsavat funksioneri bildirib.
Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb və hazırda beş nəfər deputatla Parlamentdə təmsil olunur. Partiyanın başqanı, Azərbaycan Parlamentinin eks-spikeri Qəmbər 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Onun namizədliyini dəstəkləyən 20-ə yaxın partiyanın iştirakı ilə seçki bloku yaradılmışdı. Qəmbər qazandığı səslərə görə, 8 nəfər namizəd arasında ikinci olmuşdu.