...

Azərbaycanda siyasi partiyaların qeydiyyatı və ləğvinə Ali Məhkəmə qərar verəcək

Siyasət Materials 22 Yanvar 2008 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir K.Zərbalıyeva/ Yeni qanun layihəsində siyasi partiyaların qeydiyyatı və ləğvi ilə bağlı məsələlərə birinci instansiya qismində Ali Məhkəmənin baxması nəzərdə tutulur.

İkinci oxunuşa hazırlanan İnzibati-Prosessual Məcəllənin layihəsində nəzərdə tutulub ki, Ali Məhkəmənin inzibati mübahisələr üzrə kollegiyası siyasi partiyaların qeydə alınmasından imtina olunması və ya siyasi partiyaların ləğv edilməsi ilə bağlı mübahisələrə baxır.

Siyasi partiyanın və ya siyasi partiyanın nizamnaməsinə edilmiş dəyişikliklərin və əlavələrin qeydə alınmasından imtina olunması haqqında inzibati orqanın qəbul etdiyi inzibati akta qarşı iddia ərizəsi müvafiq siyasi partiya tərəfindən verilə bilər.

Siyasi partiyanın ləğvi barədə ərizə isə Ədliyyə Nazirliyi tərəfindən verilir və bu halda siyasi partiya cavabdeh qismində icraata cəlb olunur.

Qanun layihəsinin müəlliflərindən biri, Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov çərşənbə axşamı Trend ə müsahibəsində bildirib ki, siyasi partiyalarla bağlı məsələlər əhəmiyyətli olduğundan bu sahədəki mübahisələrə daha mötəbər məhkəmələr tərəfindən baxılması məqsədəmüvafiq hesab olunur. "Belə mübahisələrə daha operativ müdaxilə və mübahisəni operativ həll etmək lazımdır. Bu baxımdan hesab edirik ki, bu mübahisələrə Ali Məhkəmə birinci instansiya qismində baxmalıdır" - deyə Kərimov vurğulayıb.

Kərimov qeyd edib ki, Konstitusiyanın 131-ci maddəsində nəzərdə tutulub ki, Ali Məhkəmə işlərə mahiyyəti üzrə deyil, kassasiya instansiyası qaydasında baxır. Konstitusiyanın bu müddəası ilə qəbul olunacaq İnzibati-Prosessual Məcəllənin müvafiq müddəsı arasında ziddiyyət olduğundan, hazırda həmin ziddiyyətin aradan qaldırılması üçün müvafiq iş aparılır.

İnzibati-Prosessual Məcəllənin layihəsində siyasi partiyanın ləğvi ilə bağlı məhkəmə qərarından 3 gün müddətinə Konstitusiya Məhkəməsinə müraciət olunması nəzərdə tutulur. Kərimovun sözlərinə görə, Konstitusya Məhkəməsi bu şikayətlərə ikinci instansiya icraatı qaydasında deyil, Konstitusiya icraatı qaydasında baxacaq.

Siyasi partiyanın qeydiyatından imtina barədə qərar da Konstitusiya Məhkəməsində mübahisələndirilə bilər. Kərimov bildirib ki, bu məsələ İnzibati-Prosessual Məcəllədə əksini tapmasa da, Konstitusiya Məhkəməsi haqqında qanunla nizamlanır. Yəni vətəndaş fərdi qaydada Konstitusiya Məhkəməsinə müraciət edə bilər.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu hesab edir ki, İnzibati-Prosessual Məcəllə ictimai əhəmiyyət kəsb etdiyi üçün ictimai müzakirəyə çıxarılmalıdır və siyasi partiyalarla bağlı məsələlərə siyasi partiyaların münasibətinin öyrənilməsi vacibdir.

Partiya sədri siyasi partiyaların qeydiyyatı və ləğvi ilə bağlı məsələlərinə Ali Məhkəmə tərəfindən baxılmasını düzgün hesab edir.

Onun fikrincə, bu mübahisələr daha az məhkəmə instansiyasından keçməlidir. "Belə olarsa, İnsan Haqları üzrə Avropa Məhkəməsinə də çıxış asanlaşır"- deyə Cəlaloğlu vurğulayıb.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı yeni qanun layihəsini daha mütərəqqi hesab edir.

Onun fikrincə, hazırda qüvvədə olan qaydaya görə, bu mübahisələrdə Ali Məhkəmənin qərarından Konstitusiya Məhkəməsinə müraciət nəzərdə tutulmur. "Yeni layihədə siyasi partiya ilə Ədliyyə Nazirliyi arasındakı problemin daha yüksək hüquqi səviyyədə həlli nəzərdə tutulur" - deyə partiya sədri vurğulayıb.

Hazırda qüvvədə olan qanunvericiliyə görə, siyasi partiyanın qeydiyyatı və ləğvi ilə bağlı Ədliyyə Nazirliyi yerli məhkəmələrə müraciət edir.

Həmin məhkəmənin qərarından apellyasiya və kassasiya instansiyalarına şikayət verilə bilər.

Azərbaycanda iki siyasi partiyanın - Azərbaycan İslam Partiyasının və Milli Demokrat Bozqurd Partiyasının qeydiyyatı məhkəmənin qərarı ilə ləğv olunub.

Xəbər lenti

Xəbər lenti