Bakı. Trend:
Bu gün NATO-nun Baş katibi Mark Rütte, Finlandiya Prezidenti Aleksandr Stubb və Estoniyanın Baş naziri Kristen Mihal ilə birlikdə Helsinkidə Baltik dənizi dövlətlərinin sammitini keçirib.
Trend xəbər verir ki, görüş zamanı Mark Rütte NATO-nun Baltik dənizində yeni hərbi missiyasının - “Baltic Sentry”-nin fəaliyyətə başladığını elan edib. Bu missiya mühüm infrastrukturun mühafizəsini gücləndirmək, həmçinin müttəfiqlərin sabitliyi pozan hərəkətlərə cavab vermək qabiliyyətini artırmaq məqsədi daşıyır.
“Baltic Sentry” freqatlar və dəniz patrul təyyarələri də daxil olmaqla bir sıra hərbi aktivlərdən ibarət olacaq. Missiya çərçivəsində, həmçinin kiçik dəniz pilotsuz təyyarələri donanması da yerləşdiriləcək.
Baş katib bildirib ki, NATO müttəfiqlərlə milli müşahidə vasitələrinin inteqrasiyası üçün sıx əməkdaşlıq edəcək. Məqsəd çox mühüm dənizaltı infrastrukturu qorumaq və mümkün təhlükələrə vaxtında cavab vermək qabiliyyətini təkmilləşdirməkdir.