Bakı. Trend:
Venesuela hökuməti ekstremist qruplara dəstək iddialarına cavab olaraq Fransa, İtaliya və Niderland Krallığının diplomatlarının sayını məhdudlaşdırmaq qərarına gəlib.
Trend xəbər verir ki, bu barədə Venesuela Xarici İşlər Nazirliyinin rəhbəri İvan Gil Pinto açıqlama verib.
Diplomatik heyətin sayının azaldılması ilə yanaşı, Qərb diplomatlarına yeni məhdudiyyətlər də tətbiq edilib. Belə ki, diplomatlar Karakasdan 40 kilometrdən çox məsafəyə səyahət etmək üçün Venesuela Xarici İşlər Nazirliyindən yazılı icazə almalıdırlar.
“Mən Bolivar hökuməti adından Fransa, İtaliya və Niderlandın ekstremist qruplara dəstəyi və daxili işlərə müdaxiləsi ilə xarakterizə olunan düşmən davranışlarına cavab olaraq, hər bir səfirlikdəki diplomatların sayını məhdudlaşdırmaq barədə qərar qəbul etmişəm,” – deyə İvan Gil Pinto bildirib.
O əlavə edib ki, Karakasın irəli sürdüyü bu tələblər 48 saat ərzində icra edilməlidir.