...

Ötən il neçə nəfər dərmandan zəhərlənib? - SƏBƏBLƏR

Cəmiyyət Materials 14 Yanvar 2025 12:01 (UTC +04:00)
Ötən il neçə nəfər dərmandan zəhərlənib? - SƏBƏBLƏR
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il dərmandan zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 507 nəfər qəbul edilib.

Bunu Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd Trend-in sorğusuna cavab olaraq bildirib.

“Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 7-si (3 nəfər qadın cinsli, 4 nəfər kişi cinsli) dünyasını dəyişib”, - deyə o əlavə edib.

Bəs dərman zəhərlənmələri hansı hallarda baş verir?

Mövzu ilə bağlı Trend-ə danışan Toksikoloq Aynur Məmmədova bildirib ki, dərman zəhərlənmələri olan xəstələr iki kateqoriyaya ayrılır:

“Bunlar uşaqlar və böyüklərdir. Uşaqlarda dərman zəhərlənməsi təsadüfi yollarla olur. Uşaqlar bunu şüurlu şəkildə, bilərək etmir. Çünki böyük adamlar uşaqları nəzarətsiz qoyur və ya uşaların yanında dərman içirlər. Uşaqlar da bu dərmanın zəhərli olub-olmadığını anlamırlar. Düşünürlər ki, anam, nənəm bunu içirsə, mən də içə bilərəm. Eyni zamanda, dərmanlar onların əli çatan yerlərdə olur. Uşaqların dərmandan zəhərlənməsi çox vaxt bu cür baş verir”.

Həkim qeyd edib ki, hazırda yeniyetmələr arasında dərman zəhərlənməsi üstünlük təşkil edir.

“Bunlar 13, 14, 15 yaşlı uşaqlardır ki, məktəbdə təzyiqə məruz qalır və ya dərslərdən pis qiymət alırlar, valideyn onların üstünə gedir ki, bu qədər əziyyət çəkirəm, sən yaxşı qiymət almırsan. Bu zaman yeniyetmələr dərmanla intihara cəhd edirlər. Təəssüf ki, bu da 13, 14, 15 yaşlı yeniyetmələr arasında dərman zəhərlənməsinin artmasına səbəb olur.

Bir də böyük adamların dərmandan zəhərlənməsi var. Evlərdə olan münaqişələr və ya şəxsin borclarının olması onu intihar məqsədilə dərmanlardan istifadəyə sürükləyir. Dərman vasitələri çox nadir hallarda içiləndən sonra anafilaktik şok yarada bilir. Bütün dərmanlar miqdarından çox içiləndə zəhərlənmə verir. Həkim 2 tablet yazır, pasiyent 15-20 tablet içir. Bu zaman dərman zəhərlənmələri olur”, - deyə o əlavə edib.

Toksikoloq vurğulayıb ki, ən ağır hallar, ölümə səbəb olan hallar şəkər, ürək və təzyiq dərmanları ilə baş verən zəhərlənmələrdir.

“Qarşısını almaq məqsədilə uşaqların yanında dərman içməmək, dərmanları onların əli çatmayan yerlərdə saxlamaq lazımdır. Böyük insanlar isə bunu intihar məqsədilə etdikləri üçün deyə bilərəm ki, intihar heç bir problemi həll etmir. Daha çox problem artırır.

İlk tibbi yardım üçün dərman içmiş şəxsə bol maye qəbul etdirib qusdurmaq lazımdır. Əgər qusma baş vermirsə, zəhərlənən insanın çəkisini nəzərə alaraq hər 10 kiloqrama 1 tablet olmaqla kömürü əzib yarım stəkan su ilə içirtmək lazımdır. Bu, bir qədər neytrallaşmaya kömək edir. Bununla yanaşı, dərhal yaxınlıqdakı xəstəxanaya çatdırmaq vacibdir. Evdə əlavə heç bir müdaxilə etmək olmaz”, - deyə həkim xəbərdarlıq edib.

Qeyd edək ki, təkcə ötən ay Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 116 nəfər qəbul edilib. Şöbəyə qəbul edilən xəstələrdən 29 nəfər dərmandan, 24 nəfər sirkə turşusundan, 22 nəfər botulizmdən zəhərlənən şəxslərdir. Həmçinin 18 nəfər dəm qazından, 7 nəfər allergik reaksiyadan, 4 nəfər etanoldan, 3 nəfər fosfor üzvi birləşmələrdən, 6 nəfər yandırıcı məhlul, 3 nəfər isə anafilaktik şok səbəbilə şöbəyə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 7-si (5 nəfər kişi cinsli, 2 nəfər qadın cinsli) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu, botulizm, etanol, dərman və dəm qazı zəhərlənmələrindən qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti