Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Qalağan kəndində növbəti dəfə səyyar qəbul keçirib.
Trend xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, qəbulda Qalağan İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Qalağan, Hacılar, Sayad, Keymərəz, Ərəb və Məmmədxanlı kəndlərinin sakinləri iştirak edib.
Sakinlər yol təmiri, qaz təchizatının bərpası, xəstəxana üçün yeni binanın inşası və bir neçə fərdi müraciət səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlər tərəfindən qaldırılan məsələlərin araşdırılması ilə bağlı tapşırıq və tövsiyyələrini verib, bəzi müraciətlər yerindəcə həll edilib.
Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.