...

Bələdiyyə seçkilərində polisin xidməti fəaliyyətinə həsr olunan regional seminar-müşavirələrə başlanılıb

Cəmiyyət Materials 14 Yanvar 2025 11:13 (UTC +04:00)
Bələdiyyə seçkilərində polisin xidməti fəaliyyətinə həsr olunan regional seminar-müşavirələrə başlanılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin yüksək səviyyədə hazırlanıb, azad, ədalətli və şəffaf keçirilməsi, habelə fərqli statuslu seçki iştirakçılarının maarifləndirilməsi məqsədilə müxtəlif istiqamətlər üzrə layihələr davam etdirilməkdədir.

Trend xəbər verir ki, genişmiqyaslı proqrama uyğun olaraq, Mərkəzi Seçki Komissiyasının Daxili İşlər Nazirliyi ilə birgə layihəsi çərçivəsində regional seminar-müşavirələrə start verilib və ilk tədbir Mərkəzi Seçki Komissiyası və Daxili İşlər Nazirliyi təmsilçilərinin iştirakı ilə yanvarın 14-də Bakı şəhər Baş Polis İdarəsində təşkil olunub.

Polisin xidməti fəaliyyətinə həsr edilən sözügedən layihə bələdiyyə seçkiləri keçirilən seçki dairələri dairə seçki komissiyalarının sədrlərini və polis orqanlarının nümayəndələrini əhatə edir.

Seminar-müşavirələr zamanı Mərkəzi Seçki Komissiyasının üzvləri, Komissiya Katibliyinin əməkdaşları və Daxili İşlər Nazirliyinin aidiyyəti qurumlarının nümayəndələrinin təqdimatında bələdiyyə seçkilərinə hazırlıq mərhələsi, seçkiqabağı təşviqat dövrü, o cümlədən səsvermə günü və ondan sonrakı proseslərdə polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş rol və vəzifələrinə dair çıxışlar dinləniləcək, fikir mübadiləsi və müzakirələr aparılacaq.

Qurumlararası sıx əməkdaşlıq sayəsində ərsəyə gələn layihə növbəti mərhələdə yanvarın 16-da Gəncədə, yanvarın 17-də Şəkidə, yanvarın 18-də Şirvanda və yanvarın 21-də Naxçıvanda regionlar üzrə dairə seçki komissiyalarının sədrləri və polis orqanları nümayəndələrinin iştirakı ilə keçiriləcəkdir.

Məlumat üçün qeyd etmək lazımdır ki, bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə birgə “Polis əməkdaşları üçün yaddaş kitabçası” da hazırlayıb və aidiyyəti üzrə çatdırılıb.

Xəbər lenti

Xəbər lenti