Bakı. Trend:
İspaniya hökuməti ölkədə yaşanan “daşınmaz əmlak böhranı”na qarşı bir sıra sərt ölçülər qəbul etməyi planlaşdırır. Yeni tədbirlər, əsasən, Avropa İttifaqında yaşayış hüququ olmayan xarici vətəndaşlara, o cümlədən, Britaniya vətəndaşlarına da təsirsiz ötüşməyəcək.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin baş naziri Pedro Sançez yaranmış böhranın aradan qaldırılması üçün bir sıra tədbirlər paketi, o cümlədən, xarici vətəndaşların İspaniyada alacaqları daşınmaz əmlaka 100 faizlik verginin tətbiq olunmasını təklif edib.
Hökumət başçısının bildirdiyinə görə, bu ölçünün əsas məqsədi daşınmaz əmlak məsələlərində İspaniya sakinlərinə prioritet vermək və turist cəlb etmək üçün bəzi işbazların spekulyasiyaları ilə mübarizə aparmaqdır.
Statistikaya görə, Aİ-də yaşayış hüququ olmayan xarici vətəndaşlar 2023-cü ildə İspaniyada 27 minə yaxın daşınmaz əmlak alıb.