Bakı. Trend:
Almaniyanın 7 müxtəlif şəhərində teatr səhnələrində ilk dəfə səsləndirilən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, musiqişünas alim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Zeynalovanın böyük simfonik orkestr üçün bəstələdiyi “Feuertempel – Atəşgah – Od məbədi” əsəri, tamaşaçıların böyük marağına səbəb olub, dərin rəğbətlə qarşılanıb.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, bəstəkar bu konsertlərdən üçünə qatılaraq tamaşaçılarla şəxsən görüşüb, əsər haqqında düşüncələrini bölüşüb.
Qeyd edək ki, Detmold Musiqi Akademiyası və Paderborn Universitetinin dosenti Xədicə Zeynalova Almaniyada ilk dəfə beynəlmiləl tərkibli “Bridge of Sound” orkestrinin və “Harmony of Sound” adlı Beynəlxalq Musiqi Festivalının yaradıcısı və bədii rəhbəridir. 2024-cü ildə Almaniyada “İlin ən yaxşı bəstəkarı” adına və “Artist in Residence" nominasiyasına layiq görülən ilk azərbaycanlı bəstəkardır. Əsərləri dünyanın bir çox ölkəsində konsertlərdə, festivallarda ifa edilir.