Bakı. Trend:
ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Ağ Evlə vidalaşmağa hazırlaşan hazırkı dövlət başçısı Co Baydenin ölkəni tarixinin ən aşağı səviyyəsinə endirdiyini bildirib.
Trend xəbər verir ki, bunu Tramp “Newsmax”a verdiyi müsahibədə bildirib.
“Son dörd il ərzində ölkədə baş verənləri nəzərə alsaq, ölkə tarixinin ən aşağı səviyyəsinə düşüb”, - Tramp qeyd edib.
Onun sözlərinə görə, Bayden administrasiyası, eyni zamanda, Ukrayna böhranı, Yaxın Şərqdəki vəziyyət, İranın İsrailə hücumları və ordunun qalmaqallı şəkildə Əfqanıstandan çıxarılmasına görə cavabdehlik daşıyır.
“Bizim vaxtımızda heç bir müharibə yox idi. Bizim vaxtımızda Rusiya və Ukrayna müharibəsi yox idi. Biz olsaydıq İsrail (Yaxın Şərq münaqişəsi) də olmayacaqdı. İsrail hücuma da məruz qalmayacaqdı, çünki nəticə etibarilə bunu elə İran edib”,- deyə Tramp vurğulayıb.