...

Londonda ilk dəfə "Azərbaycana qarşı müharibə" adlı kitabın təqdimatı keçirilib

Siyasət Materials 12 Fevral 2008 07:56 (UTC +04:00)
Londonda ilk dəfə "Azərbaycana qarşı müharibə" adlı kitabın təqdimatı keçirilib

Böyük Britaniya, London, 12 fevral / Trend müxbir G.Əhmədova/ Londonda ilk dəfə olaraq "Azərbaycana qarşı müharibə" ("War against Azerbaijan") kitabının təqdimatı keçirilib.

"Kitab peşəkar səviyyədə hazırlanıb. Bunu səfir kimi yox, adi oxucu kimi deyirəm" - deyə təqdimat mərasimində Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov bildirib.

Kitabın təqdimat mərasimində Türkiyə, Belarus və digər ölkələrin diplomatik missiyalarının nümayəndələri, habelə beynəlxalq araşdırma mərkəzlərinin təmsilçiləri, müstəqil jurnalistlər və azərbaycanlı tələbələr iştirak edib. Kitabın slayd-təqdimatını materialları toplayan Kəmalə İmranlı həyata keçirib. Bundan sonra Qarabağın mədəni irsi, habelə ermənilər tərəfindən Dağlıq Qarabağda tarixi və arxitektur abidələrin vəhşicəsinə dağıdılması haqqında ingilis dilində sənədli film nümayiş etdirilib.

"Qarabağ haqda gerçək faktlar" silsiləsindən olan "Azərbaycana qarşı müharibə" adlı kitabın təqdimatı Azərbaycanın Böyük Britaniyadakı səfirliyi tərəfindən təşkil edilib.

"Azərbaycanın mədəni irsi çox vacib müzakirə predmetidir. Onu geniş yaymaq və Böyük Britaniya ilə Qərbi Avropaya izah etmək lazımdır". Bunu kitabın təqdimat mərasimində Trend ə açıqlamasında Böyük Britaniyanın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Rusiya və Avrasiya proqramının (CSIS) nümayəndəsi Aleksandros Petersen deyib.

"Qərbi Avropanın Dağlıq Qarabağ münaqişəsi barədə məlumatı azdır, ya da ümumiyyətlə yoxdur. Nə qədər çox informasiya olsa, bir o qədər yaxşıdır" - deyə o vurğulayıb.

"Biz bilirik ki, bu məsələ ilə bağlı bir neçə rəy mövcuddur. Lakin eyni zamanda nəzərə alsaq ki, Azərbaycan erməni təcavüzünün qurbanıdır, zənnimcə, bu baxımdan Azərbaycan tərəfini bu münaqişədə nəzərdən keçirmək xüsusi olaraq maraqlıdır" - deyə CSIS təmsilçisi əlavə edib.

CSIS nümayəndəsinin sözlərinə görə, təqdimat zamanı əsas diqqət mədəni və arxitektur abidələrə, konkret olaraq xristian Albaniyasının tarixinə yönəlib.

"Bu çox yaxşıdır. Çünki başqa cür olacağı təqdirdə maraq göstərməyəcək auditoriyanı cəlb etmək mümkünsüz olardı" - deyə o vurğulayıb.  

Kitabın müəllifləri Azərbaycanın Xarici İşlər Nazirliyi və Heydər Əliyev Fondudur. Bu, Azərbaycanın zəngin və qədim mədəni irsi barədə, konkret olaraq Dağlıq Qarabağın tarixi və arxitektur abidələri barəsində bəhs edən "Azərbaycana qarşı müharibə" kitabının ilk təqdimatı idi. Kitaba albom, multimedia kompakt-disk, habelə DVD formatında sənədli film daxildir.

Kitab ingilis dilindədir və onun tirajı 5 min nüsxədir. "Azərbaycana qarşı müharibə" Azərbaycanın bütün diplomatik missiyalarına paylanıb. Kitabın növbəti təqdimatı fevralın 13-də Parisdə YUNESKO-nun mənzil-qərargahında keçiriləcək.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cı illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cı ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti