...

Prezident seçkisi Ermənistanda hakimiyyəti demokratik seçki vasitəsilə dəyişməyin mümkün olmadığını təsdiqlədi - millət vəkili

Siyasət Materials 20 Fevral 2008 11:56 (UTC +04:00)
Prezident seçkisi Ermənistanda hakimiyyəti demokratik seçki vasitəsilə dəyişməyin mümkün olmadığını təsdiqlədi - millət vəkili

Azərbaycan, Bakı, 20 fevral / Trend , İ.Əlizadə/ Ermənistanda keçirilən prezident seçkisi öz siyasətini və siyasi karyerasını hərbi cinayətlər üzərində quran şəxslərin hakimiyyəti demokratik yolla başqa qüvvələrə vermək niyyətinin olmadığını təsdiqlədi. "Seçkilərdə ciddi saxtakarlıqlar baş verib. Ermənistanda hazırda hakimiyyətdə olan qüvvələr saxtakarlıq və zor tətbiq etməklə hakimiyyətlərini qoruyub saxlayıblar" - deyə Ermənistanda keçirilən prezident seçkisinin nəticələrini çərşənbə günü Trend ə şərh edən Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə bildirib.

Çərşənbə axşamı Ermənistanda prezident seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, seçkidə 1 milyon 641 min 672 seçici və ya səsvermə hüquqlu vətəndaşların 69,25 faizi iştirak edib.

Bu gün səhər saat 7-yə olan məlumatda bildirilir ki, 812 492 səs toplayan baş nazir Serj Sarkisyan seçkini udur. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan 382 371, sabiq parlament sədri Artur Bağdasaryan 256 686 səs toplayıblar. Sonrakı yerləri Daşnaksütün Partiyasının namizədi Vaan Ovanisyan (94 896), Milli Demokratik İttifaqın sədri Vazgen Manukyan (19 446) tutur. Digər namizədlər 3-7 min aralığında səslə kifayətlənməli olublar.

Eks-prezident Petrosyan hakimiyyətin seçkiləri baş nazir Sarkisyanın xeyrinə saxtalaşdırdığını bildirib və əhalini bu gün etiraz aksiyalarına başlamağa çağırıb.

"Ermənistan vətəndaşlarının küçələrə çıxması və kütləvi aksiyalar vasitəsilə seçkilərin saxta nəticələrini dəyişməsi mümkün olmayacaq. Çünki hakimiyyətdə olan qüvvələr kütləvi aksiyalara imkan verməyəcəklər və zor tətbiq edəcəklər" - deyə Mollazadə əlavə edib.

Mollazadə hesab edir ki, baş nazir Sarkisyan prezident olduqdan sonra Ermənistanın hazırkı xarici siyasət kursunu davam etdirəcək və bu ölkə Cənubi Qafqazda Rusiyanın "forpostu" olaraq qalacaq.

Deputatın fikrincə, Sarkisyan prezident olması Dağlıq Qarabağ münaqişəsinin həllinə nə mənfi, nə də müsbət təsir göstərəcək: "Ermənistan sülh danışaqlarının imitasiyası kursunu davam etdirəcək".

Xəbər lenti

Xəbər lenti