...

Qara dəniz ölkələri Xocalı soyqırımını yad ediblər

Siyasət Materials 26 Fevral 2008 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir E.Hüseynli/ Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin fevralın 26-da İstanbulda keçirilən toplantısında Xocalı soyqırımı yad edilib. "Təşkilatın toplantısı başlamazdan öncə, Azərbaycan nümayəndə heyəti Xocalı soyqrımı barəsində məlumat verib və faciə bir dəqiqəlik sükutla yad edilib"- çərşənbə axşamı Trend a Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran telefonla bildirib.

Bu gün İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 15 illik yubileyinə həsr olunan toplantısı keçirilib. Toplantıda Avropa Parlamenti ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏTPM) əməkdaşlığının genişləndirilməsi məsələsi müzakirə olunub.

Fevralın 26 - da Azərbaycanda Xocalı faciəsinin 16-cı ildönümü qeyd olunur. 1992-ci il fevralın 25 - dən 26 -na keçən gecə Ermənistan Silahlı Qüvvələrinin keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, Azərbaycan xalqına qarşı soyqırım törədiblər. Bir gecədə 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib.

Baş konsul deyib ki, toplantıda 15 illik fəaliyyət dövründə göstərdikləri xidmətə görə, Qara dəniz ölkələrinin parlament nümayəndələrinə, o cümlədən Azərbaycanın QDiƏTPM-dəki nümayəndə heyətinin rəhbəri, deputat Asəf Hacıyevə fəxri fərman təqdim edilib.

Toplantı fevralın 27-də başa çatacaq.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində 12 ölkə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti