...

Avropa Parlamenti Ermənistan hakimiyyətini bütün həbs olunan müxalifətçiləri dərhal azad etməyə çağırır

Siyasət Materials 5 Mart 2008 12:37 (UTC +04:00)
Avropa Parlamenti Ermənistan hakimiyyətini bütün həbs olunan müxalifətçiləri dərhal azad etməyə çağırır

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir K.Ramazanova/ Avropa Parlamenti Ermənistan hakimiyyətini bütün həbs olunan müxalifətçiləri dərhal azad etməyə çağırır.

"Mən Ermənistan hakimiyyətini bütün həbs olunan müxalifətçiləri, o cümlədən Levon Ter-Petrosyanı azad etməyə, həmçinin polisi və xüsusi qüvvələri Yerevandakı nümayişçiləri amansızcasına cəzalandırmağa vadar edən səbəbləri müəyyən etməyə çağırıram" - deyə çərşənbə axşamı elektron poçt ilə Trend a Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri parlamentləri ilə əmkdaşlıq komitəsinin rəhbəri Mari Enn İsler Beqin bildirib.

Martın 2-də prezident Robert Köçəryanın fərmanı ilə Ermənistanda 20 gün müddətinə fövqəladə vəziyyət elan olunub. Bu, müxalifətin prezident seçkilərinin nəticələrinə qarşı keçirdikləri nümayişlərin polis qüvvələri tərəfindən dağıdılması zamanı yaranan açıq qarşıdurmadan sonra tətbiq olunub. Ermənistanın Səhiyyə Nazirliyinin martın 3-nə olan məlumatına görə, şənbə və bazar günü gecə saatlarında Yerevanda baş verən qarşıdurma zamanı zərər çəkənlərin ümumi sayı 131 nəfər təşkil edib ki, onlardan səkkizi güllə yarasından ölüb.

Mari Enn İsler Beqin Ermənistan hakimiyyətinin beynəlxalq ictimaiyyətin çoxsaylıı çağırışlarına baxmayaraq, dinc nümayişçilərə qarşı təkrar güc tətbiq etməsinə təəssüf edir.

"Bu hadisələrin daha faciəvi nəticəsi insanların ölümü və çoxsaylı yaralılardır" - deyə Avropa Parlamentinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, seçkilərdən sonra Avropa Parlamenti Ermənistanı səsvermə prosesində yol verilən bütün pozuntuları araşdırmağa çağırıb. O bildirib ki, "bu gün biz bu müraciətin eşidilməməsinə təəssüflənirik".

Avropa Parlamenti nümayəndəsinin sözlərinə görə, yalnız dialoq yolu və güc tətbiq etməmək Ermənistanı siyasi böhrandan çıxara bilər.

Avropa Parlamentinin nümayəndəsi əlavə edib ki, Cənubi Qafqaz - artmaqda olan risk regionudur və beynəlxalq ictimaiyyətin köməkliyi ilə Ermənistanın demokratik praktikaya qaytarılması üçün hər şey edilməlidir.

Xəbər lenti

Xəbər lenti