...

QHT qrupundan Dövlət Dəstəyi Şurasına üzv təyin olunacaq nümayəndələr müəyyənləşib

Siyasət Materials 11 Mart 2008 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasına insan hüquqları və demokratiya qrupundan üzv təyin olunacaq nümayəndələr müəyyənləşib. Trend un məlumatına görə, çərşənbə axşamı Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclas zalında QHT-lərin insan hüquqları və demokratiya qrupunun toplantısı keçirilib.

İnsan hüquqları və demokratiya qrupundan nümayəndə seçilmək üçün 27 nəfər namizəd qeydiyyata alınıb və gizli səsvermə ilə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov, "Vətəndaş Cəmiyyəti Uğurunda" Müstəqil Məsləhət və Yardım Mərkəzinin sədri Eldar İsmayılov və Demokratik Seçki Mərkəzinin sədri Rauf Zeyni nümayəndə seçilib. Bu nümayəndələrdən biri prezident İlham Əliyev tərəfindən QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü təyin olunacaq.

Qrupun iclasında 45 nümayəndədən 38 nəfəri iştirak edib.

Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 11 nəfər üzvü olacaq. QHT-lər səkkiz qrupa bölünüb və onların hər birindən üç namizəd seçiləcək (ümumiləkdə 24 namizəd). Prezident Əliyev onlardan səkkiz nəfərini QHT-lərə Dövlət Dsətəyi Şurasına üzv təyin edəcək. Şuranın üç üzvi isə dövlət orqanlarının nümayəndəsi olacaq və onlar da prezident tərəfindən təyin olunacaq.

Azərbaycanda 2500-dən artıq QHT Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib.

Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin sektor müdiri Tahir Süleymanov bildirib ki, seçkidə iştirak etmək üçün 500-dən artıq nümayəndə Prezident Aparatına müraciət edib: "Onlardan bəziləri qeydiyyata alınmayıb. Bu isə həmin QHT-lərin dövlət qeydiyyatına alınmaması və bəzilərinin bir neçə qrupda iştirak etmək istəməsi ilə bağlıdır. Nümayəndələrin seçilməsi prosesində iştirak etmək üçün 414 QHT və 218 namizəd qeydiyyata alınıb".

Namizədlərin müəyyənləşdirilməsi martın 19-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti