Azərbaycan, Bakı, 13 mart/ Trend / Prezident İlham Əliyev cümə axşamı müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini Xalq yazıçısı Anara 70 illik yubileyi münasiğətilə təbrik məktubu göndərib. Məktubda deyilir: "Müxtəlif janrlarda yaratdığınız və taleyüklü problemlərə həsr etdiyiniz əsərlərinizlə Siz respublikamızda ədəbi prosesin inkişafına layiqli töhfələr vermisiniz. Qələminizin məhsulu olan, öz həyatiliyi, təbiiliyi, dilinin rəvanlığı və üslub rəngarəngliyi ilə fərqlənən yaradıcılığınız müasir Azərbaycan oxucusunun bədii-estetik zövqünün formalaşmasında əhəmiyyətli rol oynamışdır. Siz fəaliyyətinin çoxşaxəliliyi ilə seçilən qələm sahibisiniz. Teatr və kino üçün əsərləriniz tamaşaçılar tərəfindən həmişə böyük maraqla qarşılanmışdır. Ssenarilərini yazdığınız və rejissoru olduğunuz bədii filmlər Sizi peşəkar kino xadimi kimi tanıtmışdır. Azərbaycançılıq düşüncəsindən yoğrulan ədəbi-tənqidi, elmi-publisistik məqalə və esseləriniz nasir-publisist istedadınızın məhsulu kimi meydana çıxmışdır. Həmin yazılarda milli mədəniyyətimizin qiymətli abidələrinə, klassik və müasir ədəbi fikir tariximizin bir çox böyük şəxsiyyəti və hadisəsinə tədqiqatçı münasibəti öz dolğun əksini tapmışdır". Prezident Əliyev Anarın ictimai xadim kimi fəaliyyətini də yüksək dəyərləndirərək, uzun illərdir Azərbaycan Yazıçılar Birliyinə sədrlik etməsini onun böyük təşkilatçılıq qabiliyyəti kimi qiymətləndirib.