...

Azərbaycan prezidenti Ermənistanın yeni prezidenti ilə görüşməyin əleyhinə deyil – Prezidentin İcra Aparatının şöbə müdiri

Siyasət Materials 14 Mart 2008 14:51 (UTC +04:00)
Azərbaycan prezidenti Ermənistanın yeni prezidenti ilə görüşməyin əleyhinə deyil – Prezidentin İcra Aparatının şöbə müdiri

Azərbaycan, Bakı, 14 mart/ Trend , müxbir S.Ağayeva/ Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın yeni prezidenti Serj Sarkisyanla görüşməyin əleyhinə deyil.

Ermənistanın yeni seçilmiş prezidenti Sarkisyan NATO-nun aprelin 2-4-də Buxarestdə keçiriləcək sammitində iştirak çərçivəsində Azərbaycan prezidenti ilə görüşməyə hazırdır. Bu barədə cümə günü Yerevanda Ermənistanın xarici işlər naziri Vardan Oskanyan jurnalistlərə məlumat verib.

"Əgər həmsədrlərdən belə bir təklif gələrsə və Azərbaycan prezidenti NATO-nun sammitində iştirak edərsə, dövlət başçısı bu təklifi nəzərdən keçirə bilər" - Azərbaycan prezidentinin İcra Aparatının beynəlxalq əlaqələr üzrə şöbə müdiri Novruz Məmmədov cümə günü Trend a bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

Şöbə müdiri bildirib ki, Azərbaycan prezidenti ATƏT Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanın regiona səfəri zamanı ona, Ermənistanla danışıqları davam etdirmək haqqında öz prinsipial razılığını bildirib.

Ermənistanın hazırkı prezidenti Robert Köçəryanın və Azərbaycan prezidenti İlham Əliyevin sonuncu görüşü 2007-ci ilin iyulunda Sankt-Peterburqda baş tutub. Aprelin 9-da Köçəryanın prezident səlahiyyətlərinin müddəti bitir və fevralın 19-da keçirilən seçkilərdə qalib gəlmiş Serj Sarkisyan öz prezident vəzifəsinin icrasına başlayır.

Onun sözlərinə görə, iki ölkə arasında atəşkəs rejiminin pozulması danışıqların davam etdirilməsinə mane ola bilməz. "Münaqişənin nizamlanması üçün prinsipcə danışıqlardan başqa alternativ yol yoxdur" - o söyləyib.

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 4-də səhər növbəti dəfə atəşkəs rejimini pozublar. Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən, atəşkəs rejiminin pozulması nəticəsində Ermənistan Silahlı Qüvvələri 12 hərbi qulluqçusunu itirib, 15 nəfər yaralanıb.

Atışma nəticəsində Azərbaycan Milli Ordusunun dörd əsgəri şəhid olub, bir nəfər yaralanıb. Hazırda qoşunların təmas xəttində vəziyyət nisbətən sakitdir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələki nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti