...

Müxalifət partiyası qərargahsız qaldı

Siyasət Materials 17 Mart 2008 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir S.İlhamqızı/ Müxalifətçi Azərbaycan Liberal Partiyası (ALP) iki ildən artıqdır yerləşdiyi mərkəzi qərargahından çıxıb.

"Liberal Partiyanın qərargahla təmin ediləcəyinə inanmırıq, amma biz yenə də hakmiyyətə müraciət edəcəyik"-deyə ALP-nin sədr əvəzi Əvəz Temirxan bazar ertəsi Trend ə açıqlamasında bildirib.

ALP-nin son iki il yarım müddətində mərkəzi qərargahı Bakının Həsən bəy Zərdabi prospekti 75 ünvanındakı evdə yerləşirdi. Evin sahibi ilə bağlanmış icarə müqaviləsinin müddəti başa çatdığı üçün ötən gün partiya həmin obyekti tərk edib və hazırda qərargahsızdır.

Temirxan bildirib ki, partiyanın icarə haqqı ödəməsi şərti ilə ona qərargah ayrılması üçün hökumətə, dövlət qurumlarına müraciət edəcək. Həmçinin beynəlxalq qurumlara, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusa müraciət edəcək.

Temirxanın sözlərinə görə, icarədarlar, sahibkarlar təzyiqlərdən ehtiyat edərək öz obyektlərini müxalifətçi Liberal Partiyaya icarəyə verməkdən çəkinirlər. Onun sözlərinə görə, partiya qərargahla təmin olunması üçün indiyədək dəfələrlə dövlət qurumlarına - Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsinə, İqtisadi İnkişaf Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Prezident Aparatına müraciətlər edib, lakin partiyaya heç bir yer ayrılmayıb.

"Siyasi partiyalar haqqında Qanuna görə, hakimiyyət siyasi partiyaların fəaliyyətinə hərtərəfli şərait yaratmalıdır, lakin 13 ildir ALP-yə bu şərait yaradılmır"-deyə Temirxan bildirib.

O əlavə edib ki, ALP fəaliyyətini davam etdirəcək və Məclisin, İcraiyyə Komitəsinin iclasları partiya üzvlərinin evlərində keçiriləcək: "Qalan toplantılarımızı, görüşlərimizi çox güman ki, çayxanalarda keçirəcəyik"-deyə ALP-nin rəhbəri bildirib.

ALP sabiq dövlət katibi Lalə Şövkətin rəhbərliyi ilə 1996-cı ildə yaradılıb. Şövkət hazırda müxalifəti təmsil edən "Azadlıq" siyasi blokunun həmtəsisçisi və həmsədridir. Şövkət 2003-cü ildə keçirilmiş prezident seçkisində namizəd olub və topladığı səslərə görə 8 nəfər namizəd arasında 3-cü yeri tutub. 2005-ci ilin parlament seçkisində millət vəkili seçilib, lakin öz istəyi ilə deputat mandatından imtina edib.

Xəbər lenti

Xəbər lenti