...

Müxalifət partiyasının sədri prezident seçkisində iştirak qərarını dəyişə bilər

Siyasət Materials 19 Mart 2008 12:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir S.İlhamqızı/ Müxalifətçi Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu prezident seçkisində namizədliyini irəli sürmək qərarını dəyişə bilər.

"Partiyanın qərargah problemi həll olunmasa, prezident seçkisində iştirak etməyəcəyik"-deyə BQP sədri Qəzənfəroğlu Trend ə açıqlamasında bildirib.

Partiya 2004-cü ildən bəri qərargahla təmin olunması üçün dəfələrlə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə müraciət edib. Dövlət Komitəsinin ötən il BQP-yə təklif etdiyi Bakının 8-ci mikrorayonundakı obyektdən isə partiya imtina edib, Qəzənfəroğlu bunu həmin yerin təmirsiz, yararsız vəziyyətdə olması ilə izah edib.

BQP bu ilin oktyabrında Azərbaycanda keçiriləcək prezident seçkisində iştirak etmək barədə ötən il qərar çıxarıb, Qəzənfəroğlu prezidentliyə namizədliyini irəli sürəcəyini bəyan edib.

BQP sədri bildirib ki, qərargah problemi partiyanın fəaliyyətinə, qarşıdan gələn prezident seçkisində iştirakına əngəl törədən ən mühüm problemdir.

"Sözsüz ki, biz toplantılarımızı, seçkiyə hazırlıq işlərini küçədə keçirə bilmərik. Qərargahımız olmasa, məcbur olub seçkidən imtina edəcəyik. Bu, onu göstərəcək ki, Azərbaycanda demokratiya yoxdur, hakimiyyət siyasi partiyalara normal şərait yaratmır, neçə ildir fəaliyyət göstərən, parlamentdə təmsil olunan bir partiya seçkidə iştirak edə bilmir"-deyə Qəzənfəroğlu bildirib.

O əlavə edib ki, sçekidə iştirakdan imtina edəcəyi təqdirdə bu qərarı və onun səbəbləri barədə beynəlxalq təşkilatlara məlumat verəcək.

Müxalifətçi BQP 2004-cü ildə yaradılıb, 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Partiyanın sədri Qəzənfəroğlu Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti