...

Azərbaycan Sosialist Partiyası adı ətrafında qalmaqal yaranıb

Siyasət Materials 2 Aprel 2008 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Sosialist Partiyası adı ətrafında qalmaqal yaranıb. Azərbaycan Kommunist Partiyasının keçmiş rəhbəri Rüstəm Şahsuvarov özünün yeni partiyasını yaradır və Azərbaycan Sosialist Partiyası adlandırır. Bu adda fəaliyyət göstərən partiyanın rəhbəri Elşən Həsənov Şahsuvarova etiraz edir.

"Şahsuvarov bilir ki, Azərbaycan Sosialist Partityası var və 2002-ci ildə qeydiyyata alınmaq üçün sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib. Lakin bu adda yeni partiya yaradır və mənim etirazlarıma baxmayaraq, öz fikrində qalır"-deyə Həsənov Trend a" açıqlamasında bildirib.

Həsənov bildirib ki, 1999-cu ildə onun rəhbərliyi ilə "Yeni yol" adlı partiyanın təsis qurultayı olub, sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub.

2002-ci ildə həmin partiyanın ikinci qurultayı keçirilib və adı dəyişdirilərək Azərbaycan Sosialist Partiyası adlandırılıb. Həsənovun sözlərinə görə, ASP-nin sənədlərinin 2002-ci ildə Ədliyyə Nazirliyinə təqdim olunmasına baxmayaraq, beş ildir ki, partiya qeydiyyata alınmır.

"Amma bu o demək deyil ki, bizim partiyanın adı mənimsənilməlidir. Dövlət qeydiyyatı olmasa da, biz ASP adı ilə fəaliyyət göstəririk"-deyə ASP sədri bildirib.

Şahsuvarov isə Trend a açıqlamasında bildirib ki, yeni yaradılmaqda olan Azərbaycan Sosialist Partiyasının Təşəbbüs Qrupu artıq iki beynəlxalq təşkilata üzv qəbul edilib. Onun sözlərinə görə, Təşəbbüs Qrupu mərkəzi qərargahı Nyu-Yorkda yerləşən IV İnternasional Uğrunda Kommunist Təşkilatı və mərkəzi Londonda yerləşən Fəhlə İnternasionalı Uğrunda Beynəlxalq Komitə tərəfindən üzvlüyə qəbul edilib.

Şahsuvarov əlavə edib ki, o, ASP adı uğrunda qalmaqala getməyəcək. Ədliyyə Nazirliyi hansı partiyanı ASP kimi tanısa, həmin qərara da riayət edəcək: "Lazım olarsa, biz ad məsələsinə yenidən baxa bilərik"-deyə Şahsuvarov bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti