...

Prezidentliyə namizədlərin seçki kampaniyasına azı yarım milyon manat sərf olunacaq

Siyasət Materials 3 Aprel 2008 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprel / Trend , müxbir S.İlhamqızı/ Bu ilin oktyabrında Azərbaycanda keçiriləcək prezident seçkisində iştirak edəcək namizədlər onların seçki kampaniyasına dövlət tərəfindən ən azı yarım milyon manat vəsait ayrılmasını istəyirlər.

Azərbaycanın Seçki Məcəlləsinin 191-ci maddəsinə əsasən, dövlət büdcəsindən prezidentliyə namizədlərin seçki kampaniyasına maliyyə vəsaiti ayrılır və bu məbləğ şərti maliyyə vahidinin bir milyon mislindən çox olmamalıdır. Səslərin 3 faizindən azını toplayan namizədlər həmin məbləği sonra dövlət büdcəsinə geri qaytarmalıdır.

Azərbaycanda şərti maliyyə vahidinin (1,1 manat) bir milyon misli - 100 min manat (83 min 200 ABŞ dolları) edir.

Sonuncu prezident seçkisində - 2003-cü ildə prezidentliyə namizədlərə dövlət büdcəsindən indiki yeni manatla 12 min manat (köhnə məzənnə ilə 60 milyon manat) vəsait ayrılmışdı.

Azərbaycan Mərkəzi Seçki Komissiyasından (MSK) bildiriblər ki, builki prezident seçkisində namizədlərə nə qədər vəsait ayrılacağı hələlik məlum deyil.

"Seçki Məcəlləsində seçki kampaniyası üçün vəsaitin konkret miqrdarı yox, mümkünlüyü göstərilir, yəni şərti maliyyə vahidinin bir milyon mislinə qədər istənilən məbləğ təyin oluna bilər"-deyə MSK katibi Natiq Məmmədov Trend a açıqlamasında bildirib.

Prezident seçkisində öz namizədi ilə iştiraka qərar vermiş müxalifətçi Azərbaycan Demokrat Partiyasında (ADP) hesab edirlər ki, buliki seçki kampaniyasında hər bir namizədin normal seçki kampaniyası üçün ən azı yarım milyon manat sərf olunmalıdır.

"2003-cü ildə namizədlərə ayrılmış vəsait çox az idi, ona görə də onların seçki kampaniyası sönük keçdi. ADP ekspertlərinin hesablamalarına görə, bizim builki seçki kampaniyamıza beş yüz min manat sərf olunacaq və bu pul üzvlərimizin ianələri hesabına toplanacaq"-deyə ADP sədri Sərdar Cəlaloğlu Trend a açıqlamasında bildirib.

Seçkidə öz namizədi ilə iştirak edəcək müxalifətçi Müsavat Partiyasından da bildiriblər ki, dövlət buliki seçki kampaniyasına ayrılacaq vəsaiti xeyli artırmalıdır.

"Müsavat Partiyası təklif edir ki, hökumət namizədlərin seçki kampaniyasına yarım milyon manat ayırsın. Amma bu məbləğ mütləq şəkildə verilməməli, sadəcə təklif olunmalıdır, çünki həmin məbləği yalnız səslərin 3 faizindən çoxunu toplaya biləcəyinə əmin olan namizədlər qəbul edə bilərlər"-deyə Müsavat Partiyasının mərkəzi icra aparatının rəhbəri Arif Hacılı açıqlamasında bildirib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər 2003-cü il prezident seçkisində də namizəd olmuşdu və Hacılının sözlərinə görə, o vaxt partiya seçki kampaniyasına 200-250 min dollar vəsait xərcləmişdi.

Hacılı da bildirib ki, Qəmbərin seçki kampaniyası üçün əsas vəsait bu dəfə də Müsavat üzvlərinin ianələri hesabına toplanacaq.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Trend a açıqlamasında bildirib ki, prezidentliyə namizədlərə ayrılacaq vəsaitin bir milyon manat qədər artırılmasını təklif edir.

Müstəqil ekspertlər isə hesab edirlər ki, prezidentliyə namizədlərin seçki kamaniyasının uğurlu keçməsi üçün bir milyon manat xərclənməlidir. Bu məbləğ əsasən KİV-lərdə ödənişli reklam kampaniyası aparılması, seçicilərlə görüşün, konsertlərin, mitinqlərin təşkili, təbliğat materiallarının hazırlanması kimi işlərə sərf olunur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti