Azərbaycan, Bakı, 07 aprel / Trend , müxbir S.İlhamqızı/ 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olmuş şəxslərdən bəziləri onların seçki kampaniyası üçün dövlət büdcəsindən ayrılmış vəsaiti hələ də geri qaytarmayıblar. Trend in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bazar ertəsi keçirdiyi mətbuat konfransında açıqlama verib.
Azərbaycanın Seçki Məcəlləsinin 191-ci maddəsinə əsasən, dövlət büdcəsindən prezidentliyə namizədlərin seçki kampaniyasına maliyyə vəsaiti ayrılır və bu məbləğ şərti maliyyə vahidinin bir milyon mislindən çox olmamalıdır. Səslərin 3 faizindən azını toplayan namizədlər həmin məbləği sonra MSK-ya, yəni dövlət büdcəsinə geri qaytarmalıdır.
Sonuncu prezident seçkisində - 2003-cü ildə prezidentliyə namizədlərə dövlət büdcəsindən indiki yeni manatla 12 min manat (köhnə məzənnə ilə 60 milyon manat) vəsait ayrılmışdı. 8 nəfər namizəddən yalnız üç nəfəri 3 faizlik baryeri keçmişdi.
Pənahov bildirib ki, qanuna əsasən, ötən seçkidən borclarını qaytarmayan namizədlərə növbəti seçkidə dövlət tərəfindən vəsait ayrılmayacaq.
Pənahov hələ də borclu qalan namizədlərin adlarını açıqlamayıb: "MSK-nın ən çox marağında olmadığı proses namizədlərin təbliğatına vəsaitin ayrılmasıdır. Çünki namizədlər sonradan həmin pulu MSK-ya geri qaytarmırlar"-deyə Pənahov bildirib.
Xatırladaq ki, 2003-cü ilin prezident seçkisində iştirak etmiş və 3 faizdən az səs toplamış namizədlər - Etibar Məmmədov, Sabir Rüstəmxanlı, Qüdrət Həsənquliyev, İlyas İsmayılov və Hafiz Hacıyevin partiyaları bu ilin oktyabrında keçiriləcək növbəti prezident seçkisində də iştirak barədə qərar qəbul edib, lakin bu şəxslərdən hansının yenə də namizəd olacağı dəqiqləşməyib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]