...

Azərbaycan və Şimali Kipr siyasiləri arasında danışıqlar başlayıb

Siyasət Materials 11 Aprel 2008 11:53 (UTC +04:00)
Azərbaycan və Şimali Kipr siyasiləri arasında danışıqlar başlayıb

Azərbaycan, Bakı, 11 aprel / Trend , müxbir Q.Cəbiyev/ Dağlıq Qarabağ münaqişəsi Şimali Kipr və Azərbaycanın siyasiləri arasında keçirilən görüşdə müzakirə olunub. "Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan ikili standartlarla üzləşir" Şimali Kipr türklərinin lideri Məhmət Əli Tələtlə görüşündə hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib.

Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Şimali Kipr Türk Cümhuriyyətinə bir həftəlik səfəri başlayıb.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

Əhmədov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatlar və dünya dövlətləri rəsmi Yerevana təzyiqlərini artırmadığından, Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkmir.

Məhmət Əli Tələt isə qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan ikili standartlarla üzləşdiyi kimi, Kipr türkləri də uzun illərdir bu cür mövqe ilə üz-üzə qalıb.

Şimali Kipr Türkiyə istisna olmaqla beynəlxalq aləm tərəfindən tanınmır. Son vaxtlar Şimali Kiprlə Azərbaycan arasında siyasi partiyalar səviyyəsində müəyyən qarşılıqlı səfərlər həyata keçirilir.

Səfər aprelin 14-də başa çatacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti