...

Azərbaycanın müxalifət partiyası sədrinin istefa verməsi narazılıq yaradıb

Siyasət Materials 12 Aprel 2008 13:48 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyası sədrinin istefa verməsi narazılıq yaradıb

Azərbaycan, Bakı, 12 aprel/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın müxalifətçi Milli Demokrat Partiyası sədrinin gözlənilmədən istefa verməsi təşkilat daxilində narazılıq yaradıb. "Rayon və şəhər təşkilatlarının üzvləri partiya sədri İsgəndər Həmidovun vəzifəsindən istefa verməsinə etiraz edirlər. Partiya üzvləri məsələnin yenidən müzakirəyə çıxarılmasını və istefanın səbəbləri ilə bağlı izahat verilməsini tələb edirlər", - deyə şənbə günü Trend a açıqlamasında Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Oqtay Xəlilli bildirib.

AMDP sədri Həmidov partiya Siyasi Şurasının ötən şənbə keçirilən iclasında vəzifəsindən istefa verdiyini və siyasətdən getdiyini bəyan edib. Həmidovun istefası qəbul edilib.

AMDP Siyasi Şurasının iclası şənbə günü keçirilib. İclasda partiyanın qurultayına hazırlıq məsələləri müzakirə olunub. O, istefasını partiyada sədrliyə layiq şəxslərin olması və onlara yol açmaq istəməsi ilə izah edib.

Partiya qurultaya hazırlaşır və bunun üçün Təşkilat Komitəsi yaradılıb. Hazırda AMDP-yə rəhbərliyi sədrin müavini Xəlillinin başçılıq etdiyi 15 nəfərdən ibarət qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi həyata keçirir.

Xəlilli qeyd edib ki, qurultayın keçirilməsi ilə əlaqədar olaraq partiyanın bütün rəhbərliyi istefa verib: "Hazırda yeganə legitim qurum partiyanın Böyük Məclisidir. Bir ay müddətində Böyük Məclisin iclası keçiriləcək və partiya sədrinin istefası müzakirəyə çıxarılacaq. İclasa Həmidovun özü də dəvət olunacaq və onun istefasına qiymət veriləcək. İstefanın Məclisdə müzakirəyə çıxarılması haqqında qərar Təşkilat Komitəsinin bu gün keçirilən iclasında qəbul olunub".

Onun sözlərinə görə, partiya üzvləri Həmidovun sədrliyə qayıtmasını tələb edirlər.

"Lakin hazırda belə bir ehtimal yoxdur. Bu yalnız qurultayda ola bilər. Bütün məsələlərə Böyük Məclisin iclasından sonra aydınlıq gətiriləcək",- deyə Təşkilat Komitəsinin sədri əlavə edib.

Artıq iki nəfər - partiya Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Şaban Nəsirov və Siyasi Şuranın keçmiş üzvü Eldar Tağıyev sədr olmaq istədiklərini açıqlayıb. Sədrliyə namizədlər Təşkilat Komitəsinin gələn şənbə keçiriləcək iclasında rəsmən irəli sürüləcək.

AMDP 1993-cü ildə yaradılıb və ilk adı "Boz Qurd" Partiyası olub. 1994-cü ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. 1995-ci ildə Ali Məhkəmə partiyanın adının müvafiq olmadığını əsas gətirərək "Boz Qurd"un dövlət qeydiyyatını ləğv edib. Partiya qeydiyyat problemini həll etmək üçün 1999-cu ildə keçirdiyi ikinci qurultayında adını dəyişib və Milli Demokrat Partiyası adlandırılıb. Lakin Ədliyyə Nazirliyi partiyanı qeydiyyata almaqdan imtina edir. Partiya sədri, sabiq daxili işlər naziri Həmidov 1995-2004-cü illərdə həbsdə olub. 14 il azadlıqdan məhrum edilən Həmidov 2004-cü ildə prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti