...

Azərbaycan İranı diplomatik normalara zidd kəskin bəyanatlar səsləndirməməyə çağırır

Siyasət Materials 28 Aprel 2008 12:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir K.Ramazanova/ Azərbaycan İranı diplomatik normalara zidd kəskin bəyanatlar səsləndirməməyə çağırır.

"Tehran Bakıdan Buşehrdə tikilən AES üçün aparılan Rusiya yükünün Azərbaycan-İran sərhədindən buraxılmasını tələb edib. Bu yük İrana beynəlxalq normalar çərçivəsində nəql olunur və onun tədarükü üçün heç bir maneə ola bilməz" - deyə bazar günü İran İslam Respublikası XİN-in rəsmi nümayəndəsi Muhamməd Əli Hüseyin bəyan edib.

"Bu, İran-Azərbaycan münasibətlərinə, o cümlədən diplomatik və etik normalara ziddir. Azərbaycan yalnız öz qanunvericiliyi və beynəlxalq huquq normaları çərçivəsində qərarlar qəbul edir", - deyə Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim bildirib.

O həmçinin qeyd edib ki, Azərbaycan Rusiya tərəfindən daşınan yükün xarakterinə dair sorğuya cavab aldıqdan sonra qərar qəbul edəcək.

Rusiyadan İrana hərəkət edən və Buşehrdə AES-in tikintisi üçün nəzərdə tutulan yük martın 29-da Astara gömrük məntəqəsində - Azərbaycan-İran sərhədində saxlanılıb. Əldə olunan məlumatlara görə, yükün dayandırılmasına səbəb Azərbaycan hökumətinin bu yükün ölkə ərazisi ilə tranzitinə qabaqcadan xüsusi icazəsinin olmamasıdır.

Rəsmi Moskva hələ ki, Buşehrdə AES-in tikintisi üzrə podratçı olan "Atomtikintiixrac"a məxsus yükün saxlanılmasına dair Azərbaycanın sorğusuna cavab verməyə tələsmir.

"Atomtikintiixrac"ın mətbuat katibi İrina Yesipova Trend a bildirib ki, Buşerdəki AES üçün nəzərdə tutulan yük ikitəyinatlı mal, o cümlədən nüvə materialı deyil.

O əlavə edib ki, hazırda "Atomtikintiixrac" Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi ilə birgə vəziyyəti nizama salmaqla məşğuldur.

İran hesab edir ki, Buşehrdəki AES üçün nəzərdə tutulan yükün Azərbaycan-İran sərhədində saxlanılması gömrük problemi ilə əlaqədardır və məsələnin tezliklə həll ediləcəyinə ümid edir. Bu barədə əvvəllər Trend a müsahibəsində İranın Azərbaycandakı səfiri Nasir Hamidi Zare bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : trend

Xəbər lenti

Xəbər lenti