...

İran əmindir ki, Azərbaycan tərəfi Buşehr AES üçün yükün daşınmasına qısa zamanda icazə verəcək

Siyasət Materials 29 Aprel 2008 12:41 (UTC +04:00)
İran əmindir ki, Azərbaycan tərəfi Buşehr AES üçün yükün daşınmasına qısa zamanda icazə verəcək

Azərbaycan, Bakı, 29 aprel / " , müxbir Q.Cəbiyev/ Rəsmi Tehran bəyan edir ki, Azərbaycan tərəfi iki ölkə sərhədində saxlanılan və Buşehr AES üçün nəzərdə tutulan yüklə bağlı məsələnin tez bir zamanda həllinə dair İranı əmin edib.

"Azərbaycan hökumətindən bizə bildiriblər ki, porblem ən qısa vaxtda həll ediləcək", - deyə çərşənbə axşamı Bakıda jurnalistlərə İranın Azərbaycandakı səfiri Nasir Hamidi Zare bildirib.

Rusiyadan İrana hərəkət edən və Buşehr AES üçün nəzərdə tutulan yük martın 29-da Astara gömrük məntəqəsində - Azərbaycan-İran sərhədində saxlanılıb. Əldə olunan məlumatlara görə, yükün dayandırılmasına səbəb Azərbaycan hökumətinin bu yükün ölkə ərazisi ilə tranzitinə qabaqcadan xüsusi icazəsinin olmamasıdır.

Azərbaycan saxlanılan yükə dair izahat əldə etmək üçün Rusiya XİN-ə sorğu göndərib. Rəsmi Moskva hələ ki, Buşehrdə AES-in tikintisi üzrə podratçı olan "Atomtikintiixrac"a məxsus yükün saxlanılmasına dair Azərbaycanın sorğusuna cavab verməyə tələsmir.

Rusiyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Rusiyanın bu məsələyə dair hələ ki, rəsmi mövqeyi yoxdur.

"Atomtikintiixrac"ın mətbuat katibi İrina Yesipova Trend a bildirib ki, Buşerdəki AES üçün nəzərdə tutulan yük iki təyinatlı mal, o cümlədən nüvə materialı deyil.

İran səfiri əlavə edib ki, bəzi qüvvələr Azərbaycan ilə İran arasındakı münasibətləri gərginləşdirmək üçün yaranan vəziyyətdən istifadə etmək istəyirdilər. "Bu qüvvələr bizim münasibətlərə həsəd aparırlar", - deyə Həmidi Zare bildirib.

İran səfiri Tehran Bakıdan iki ölkə sərhədində saxlanılan yükün buraxılmasını tələb etdikdən sonra bu bəyanatla çıxış edib. "Bu yük İrana beynəlxalq normalar çərçivəsində nəql olunur və onun tədarükü üçün heç bir maneə ola bilməz" - deyə bazar günü İran İslam Respublikası XİN-in rəsmi nümayəndəsi Muhamməd Əli Hüseyin bəyan edib.

Bu bəyanata cavab olaraq Azərbaycan İranı diplomatik normalara zidd olan kəskin bəyanatlar səsləndirməməyə çağırıb.

"Bu, İran-Azərbaycan münasibətlərinə, o cümlədən diplomatik və etik normalara ziddir. Azərbaycan yalnız öz qanunvericiliyi və beynəlxalq huquq normaları çərçivəsində qərarlar qəbul edir", - deyə Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim bildirib.

O, həmçinin qeyd edib ki, Azərbaycan Rusiya tərəfindən daşınan yükün xarakterinə dair sorğuya cavab aldıqdan sonra qərar qəbul edəcək.

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov çərşənbə axşamı Bakıda jurnalistlərə bildirib ki, bu gün İranın Azərbaycandakı səfiri müvafiq izahatların alınması üçün XİN-ə çağırılacaq.

İran hesab edir ki, Buşehrdəki AES üçün nəzərdə tutulan yükün Azərbaycan-İran sərhədində saxlanılması gömrük problemi ilə əlaqədardır və məsələnin tezliklə həll ediləcəyinə ümid edir. Bu barədə əvvəllər Trend a müsahibəsində İranın Azərbaycandakı səfiri Hamidi Zare bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : trend

Xəbər lenti

Xəbər lenti