Azərbaycan, Bakı, 01 may / Trend , müxbir Q.Cəbiyev/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurultayında partiyadaxili kadr və struktur dəyişikliklərinin edilməsi istisna olunmur. "Qurultayın gedişində partiyanın bu və digər sahələrinə dəyişikliklərin edilib-edilməməsi məsələsi, təbii ki, partiyamızın sədri İlham Əliyevin YAP-ın İcra Katibliyinə, İdarə Heyətinə verəcəyi tövsiyədən asılı olacaq" bunu Trend -a YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.
Bu ilin yay aylarında YAP-ın dördüncü qurultayının keçirilməsi nəzərdə tutulub. Qurultayda partiyanın prezidentliyə namizədi irəli sürüləcək. YAP icra katibinin müavini Əli Əhmədov jurnalistlərə deyib ki, partiyanın sədri İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürüləcək.
Qurbanlı bildirib ki, partiyadaxili kadr və struktur dəyişiklikləri barədə əvvəlcədən hər hansı fikir söyləmək o qədər də asan deyil. Bu, sədrin tövsiyəsindən asılı məsələdir. O əlavə edib ki, qurultayın nə vaxt keçiriləcəyi də hələ məlum deyil. "Seçkiyə rəsmən start verildikdən sonra qurultayın vaxtı da müəyyən olunacaq" - deyə o vurğulayıb.
YAP 1992-ci ildə Naxçıvanda Heydər Əliyev tərəfindən təsisi olunub. Partiyanın hazırkı sədri dövlət başçısı İlham Əliyevdir. İlham Əliyev dövlət başçısı seçilənə qədər partiyada YAP sədrinin birinci müavini vəzifəsini daşıyıb. Hazırda YAP-da bu vəzifəyə heç kim təyin olunmayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]