Azərbaycan, Bakı, 06 may / Trend , müxbir E.Babayev/ Azərbaycanın müxalifətdən olan prezidentliyə namizədləri seçkidə birgə iştirak məsələsini nəzərdən keçirmək niyyətində deyillər. "Müxalifətdən olan namizədlər daha çox narazı elektoratı öz tərəfinə cəlb etmək üçün iş aparmalıdır" çərşənbə axşamı Trend -a müxalif Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.
Müxalifətdən prezidentliyə namizədlərin sayı artıq 4-ə çatıb. İndiyə qədər ADP sədri Sərdar Cəlaloğlunın, Müsavat başqanı İsa Qəmbərin və Yaşıllar Partiyasının sədri Mais Güləliyevin namizədliyi təmsil etdiyi təşkilatlar tərəfindən irəli sürülüb. Ötən gün isə Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov seçkilərdə iştirak edəcəyini açıqlayıb və müxalifətin seçkidə birgə iştirakı üçün iş aparacağını vurğulayıb.
Hacılı bildirib ki, Müsavat vahid namizəd məsələsinə vaxt sərf etmək niyyətində deyil. "Partiya narazı elektoratı öz ətrafına cəlb etmək xətti götürüb və bu istiqamətdə iş aparılır" Hacılı əlavə edib.
Cəlaloğlu isə Trend -a deyib ki, o, özü indiyə qədər namizədliyini verməmişdən öncə müxalifətin birliyi üçün cəhdlər edib, bu istiqamətdə müxtəlif görüşlər keçirib. Amma müxalifət liderləri bir araya gəlmək niyyətində olmadıqlarını büruzə veriblər. "Mən bu görüşlərin nəticələrini götür-qoy edərək namizədliyimi vermişəm. Müxalifətin vahid namizəd məsələsi artıq aktuallıq kəsb etmir" Cəlaloğlu əlavə edib. Onun sözlərinə görə, ADP cəmiyyətdə iqtidar və müxalifətin barışığının tərəfdarı olan təbəqənin səsini almaq üçün təbliğat aparır.
Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı Qəmbər Azərbaycan Parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla Parlamentdə təmsil olunur.
Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Cəlaloğlu tərəfindən təsis edilib. Partiya bu ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Pariyasını yaradıblar.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]